Leyla Əliyeva Rusiyada gəncləri bir araya topladı

14

Rusiyanın “Etnomir” mədəniyyət-təhsil turizm mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin iştirakı və “Mədəniyyətlərarası dialoq – vahid dünya” fondunun dəstəyi ilə təşkil edilmiş “Gənclər mühitində mədəniyyətlərarası dialoq” mövzusunda konfransı keçirilib.

Xalq.az AzərTAc-a istinadən bildirir ki, tədbirin keçirilməsindən məqsəd Rusiya və Azərbaycan gəncləri arasında dialoqun inkişafına meydan açmaqdan ibarət olub. Konfransda diplomatlar, ictimai xadimlər, Rusiya gənclər təşkilatlarının rəhbərləri və RAGB-nin Moskva, Tula, Kaluqa və Obninskdən olan fəalları iştirak ediblər.
Tədbirin iştirakçılarına RAGB-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirib.

Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Konfransda çıxış edib. O, iki dövlət arasında münasibətlərdən ətraflı söhbət açıb, Azərbaycan və Rusiya gəncləri arasında mədəni əlaqələrin qaydaya salınmasında RAGB-nin rolunu yüksək qiymətləndirib, ölkələrimizin və xalqlarımızın bir-birinə yaxınlaşmasına yönəldilmiş humanitar aksiyaların təşkilinin vacib və əhəmiyyətli olduğunu qeyd edib. Onun sözlərinə görə, bir etnoqrafiya parkı miqyasında dünya mədəniyyətlərini birləşdirən “Etnomir”də RAGB-nin təşəbbüsü ilə belə bir konfransın keçirilməsi rəmzi xarakter daşıyır. Axı “RAGB” rus dilində

“AMOR” kimi ifadə olunur ki, bu da dünyanın bir çox dillərində “məhəbbət” deməkdir.
UNESCO-nun mədəni layihələrinin əlaqələndiricisi Fatima Alçinbayeva UNESCO-nun Moskvadakı bürosunun direktoru, UNESCO-nun Azərbaycan, Ermənistan, Belarus, Moldova Respublikası və Rusiya Federasiyasındakı nümayəndəsi Dendev Badarçın təbrik məktubunun mətnini oxuyub. Məktubda deyilir: “İcazə verin, Rusiya ilə Azərbaycanın çox böyük mədəni potensiala malik olduqlarını diqqətinizə çatdırım. Bu, həm tarixi, mədəni, maddi və qeyri-maddi sərvətlər, həm də mədəniyyət sahəsində ekspert birliyinin böyük potensialıdır. Qloballaşma dövründə çoxsaylı çağırışlarla əlaqədar bu potensialın reallaşması və onun gələcəyimizi etibar etdiyimiz gənclərə təhvil verilməsi sabit inkişafın əsas elementi, bütün cəmiyyətin yeniləşmə və modernləşmə yoludur. Məhz buna görə də əminliklə deyə bilərəm ki, “Gənclər mühitində mədəniyyətlərarası dialoq” konfransı gənclər arasında mədəniyyətlərarası dialoqun inkişafına sanballı töhfə verməlidir”.
Kaluqa vilayətinin İdman, Turizm və Gənclər Siyasəti Nazirliyinin Gənclər Siyasəti İdarəsinin rəisi Olqa Korobova Kaluqa vilayəti hökumətinin gənclərin dövlətlərarası mədəni əməkdaşlığı sahəsində “Etnomir” layihəsi ilə əməkdaşlığından danışıb, mədəniyyətlərarası dialoq üçün sabit meydan olan kompleksin mühüm rolunu xüsusi vurğulayıb.
Sonra “Sodrujestvo” Beynəlxalq Gənclər İctimai Təşkilatının icraçı direktoru Maqomed Əliyevə söz verilib. O, başçılıq etdiyi beynəlxalq təşkilatın fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib, təşkilatın RAGB ilə səmərəli əməkdaşlığından danışmış, bu yaxınlarda Rusiyanın ictimai və gənclər təşkilatlarının nümayəndə heyətlərinin tərkibində Bakıya səfərini xatırladıb. “Mədəniyyətlərin dialoqu – vahid dünya” fondunun prezidenti, “Etnomir” kompleksinin rəhbəri Ruslan Bayramov kompleksin geniş prezentasiyasını keçirmiş və qeyd edib ki, “Etnomir”in qapıları gənclərin üzünə həmişə açıqdır. O, başçılıq etdiyi fondun xeyriyyəçilik fəaliyyətindən bəhs etmiş, millətlərarası və dövlətlərarası əməkdaşlığa yönəldilmiş təşəbbüslərə dəstək verməyə hazır olduğunu bildirib.
Konfransın moderatoru, RAGB-nin nümayəndəsi İbrahim İbrahimov öz çıxışında deyib ki, RAGB-nin yaradıldığı gündən indiyədək Rusiya və Azərbaycan gəncləri arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə yönəldilmiş yüzlərlə layihə həyata keçirilib. Bu baxımdan, onun fikrincə, təşkilat iki dövlət arasında əsası Heydər Əliyev tərəfindən qoyulub və mədəni, humanitar əməkdaşlığın qorunub saxlanmasına və inkişaf etdirilməsinə yönəldilmiş qarşılıqlı münasibətlərin gözəl ənənələrini davam etdirir. İ.İbrahimov iki ölkə arasında mədəni əlaqələrdən danışarkən qeyd edib ki, RAGB-nin sədri Leyla Əliyevanın bu sözlərini unutmaq olmaz: “Zənnimcə, ən başlıcası insanlar arasında olan bu canlı, mehriban və səmimi münasibətlərdir. Azərbaycan həmişə müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqları bir ölkə olmuşdur”.

ley