Millət vəkili təkliflə çıxış edib

 

63

Miillət vəkili Qənirə Paşayeva parlamentin 2014-cü ilin dövlət büdcəsi müzakirələrinə həsr olunmuş bugünkü iclasında hökumət üzvlərindən böyrəkköçürmə əməliyyatına ehtiyacı olan dializ xəstələrinin əməliyyat xərclərinin dövlət tərəfindən ödənilməsi təklifinin gələn ilin dövlət büdcəsində öz əksini tapmasını istədi.
 Xalq.az-ın  məlumatına görə, millət vəkili bildirib ki, bu gün xroniki böyrək çatışmazlığından əziyyət çəkən və dializə ehtiyacı olan şəxslərə dövlət tərəfindən böyük dəstək göstərilir və gələn il büdcəsində bu sahəyə vəsaitin daha da artırılmasının büdcə zərfində nəzərdə tutulması çox müsbət haldır.
Qənirə Paşayeva deyib ki, uzun illər dializlə yaşamaq xəstələr üçün çox çətindir, bəzilərinin səhhəti daha da pisləşir. Bu problemin ən yaxşı həll yolu böyrəkköçürmə əməliyyatının həyata keçirilməsidir. Böyrəkköçürmə əməliyyatı isə ucuz deyil, təxminən 10-12 min manat arasındadır. Dövlət bir dializli xəstənin pulsuz dializ ala bilməsi üçün ildə 16 min manat sərf edir, yəni böyrəkköçürmə əməliyyatı xərcləri 1 illik dializ xərclərindən daha ucuzdur.

”Nəzərə alsaq ki, dializ xəstələri illərlə dializlə yaşamağa məhkumdurlar, onlara pulsuz böyrəkköçürmə əməliyyatının həyata keçirilməsi xəstələrin sağlamlıqlarına tam şəkildə qovuşması üçün önəmli olduğu kimi, dövlət büdcəsi üçün daha az vəsait sərf etməklə, xəstələrə daha çox və daha yaxşı kömək etmək imkanı verər”.

Millət vəkili Qənirə Paşayeva təklif edib ki, 2011-2015-ci illərdə xroniki böyrək xəstələrinə dəstəklə bağlı proqramda böyrəkköçürmə əməliyyatını istəyən və donor tapan xəstələrə bu əməliyyat pulsuz aparılsın. Daha doğrusu, onların illərlə dializinə yönləndirilən vəsaitin bir hissəsi ilə bu proses həyata keçsin.
Xroniki böyrək xəstələri arasında bu təkliflə ona müraciət edənlərin olduğunu deyən millət vəkili bildirib ki, bu təklifin reallaşması yüzlərlə ailənin sevincinə səbəb ola bilər və ölkəmizin bu cür xəstələrə qayğısının bir daha göstərər.

Qənirə Paşayeva gələn ilin büdcə zərfində böyrəkköçürmə əməliyyatına ehtiyacı olan dializli xəstələrin böyrəkköçürmə əməliyyatlarının pulsuz həyata keçirilməsi məsələsinin öz həllini tapmasını və dövlət büdcəsində öz əksini tapmasını xahiş edib.

Qənirə Paşayeva Hepatit C xəstəliyi ilə bağlı təcili dövlət proqramının qəbul olunmasına çağırıb. O bildirib ki, hər il Hepatit C virusuna yoluxan və xəstəliyindən əziyyət çəkən insanların sayı artır: “Bu xəstəliyin müalicəsi çox çətin və çox bahalıdır, hətta orta əmək haqqı alan ailələr belə, Hepatit C virusuna yoluxan ailə üzvünün müalicəsində çətin vəziyyətdə qalırlar. Əhalinin maarifləndirilməsindən tutmuş, profilaktika tədbirlərinin gücləndirilməsinə, bu xəstəlikdən əziyyət çəkən insanlara dövlət dəstəyini də nəzərə alan xüsusi dövlət proqramının qəbuluna ciddi ehtiyac var. Əgər biz bunu indi etməsək, inanın ki, 2-3 ildən sonra daha ağır vəziyyətlə üzləşəcəyik. Ona görə də hökumət üzvlərindən xahiş edirəm ki, bu xəstəlikdən əziyyət çəkən insanların və onların ailə üzvlərinin xahişlərini nəzərə alaraq, qısa zamanda Hepatit C xəstəliyi ilə bağlı xüsusi proqram hazırlayıb qəbul edək”.

Qənirə Paşayeva icbari tibbi sığortanın tətbiqi məsələsinə də toxunub. O, tibbi sığortanın tətbiqi məsələsinə ciddi önəm verilməsinə çağırıb və ölkədə tibbi sığortanın geniş şəkildə tətbiqinə ciddi ehtiyac olduğunu vurğulayıb: “Bu gün tibbi sığorta həllini gözləyən ən vacib problemlərdən biridir. Biz hamımız bilirik ki, səhiyyə sahəsində ortaya çıxan, əhalinin bu sahədə üzləşdiyi bir sıra problemlərin həlli, səhiyyədə daha böyük islahatların keçirilməsi tibbi sığorta sistemi inkişaf etmədən mümkünsüzdür. Çox təəssüf ki, biz hamımız bu istiqamətdə işlərin ləng getməsini görürük. Bu istiqamətdə işlər təcili sürətlənməlidir, çünki bu məsələ səhiyyə sahəsində həllini gözləyən ən vacib problemdir. Aidiyyatı nazirlik və qurumları gələn il bu məsələyə xüsusi önəm verməyə çağırırıq”.