“Müşahidəçilərin sayının artması heç də münaqişənin həlli demək deyil” – Arzu Nağıyev

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə təmas xəttində gərginliyin azaldılmasını dəstəkləyir.

XALQ.AZ -ın məlumatına görə, o, bildirib ki, rəsmi Moskva münaqişə zonasında ATƏT-in müşahidəçi missiyasının genişləndirilməsi üçün səylər göstərir. XİN rəsmisi qeyd edib ki, mövcud məsələ Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 2016-cı ilin iyununda Sankt-Peterburqda keçirilən görüşündə, Rusiya XİN rəhbəri Sergey Lavrovun ötən ilin noyabrında Bakı və Yerevana səfərləri zamanı müzakirə olunub. ATƏT çərçivəsində ATƏT müşahidəçilərinin fəaliyyətini reqlament edən sənədin bir neçə variantı hazırlanıb:

“Yanvarın 18-də iki ölkənin xarici işlər nazirlərinin Krakovda həmsədrlər tərəfindən təşkil edilən görüşündə tərəflərə yenilənmiş təkliflər təqdim edilib. Nazirlər vasitəçilər tərəfdən sənədin hazırlanmasına prinsipial razılıq veriblər. Bəzi texniki detallar qalır. Hazırda tərəflər bu detalları tam razılaşdırmalıdır”.

Məsələ ilə bağlı XALQ.AZ -a açıqlama verən politoloq Arzu Nağıyev bildirib ki, bu məsələdə Moskva özü maraqlıdır: “Həmsədrlərin ümumi marağı ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşlər keçirirlər. Bunda da əsas maraq ondan ibarətdir ki, problemi qabardaraq kimin nüfuz sahibi olduğunu bir daha biruzə vermək istəyirlər. Müşahidəçilərin sayının artırılması təmas xəttində guya ki, atəşkəsi daha çox kimin pozduğunu müəyyən etmək üçün atılan addımdır. Atəşkəs onsuz da hər gün pozulur. Bu, münaqişənin həlli üçün atılan müsbət addım deyil. Sadəcə olaraq, ATƏT-in Minsk qrupunun həmsədrinin təmsilçisi olan dövlətlər, əsas da Rusiyanın daha çox marağı var ki, ümumiyyətlə təmas xəttində sakitçilik olsun. Çünki həm Ermənistanda seçki ilidir, həm də Rusiyada. Bunlar hamısı siyasi maraqdan doğan məsələdir.

Bundan əvvəl, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun verdiyi açıqlamalar, eyni zamanda bir sıra politoloq və siyasi şərhçilərin dediyi məsələlər hamısı üst-üstə düşür, fikirlər eynidir. Buna görə də düşünürəm ki, müşahidəçilərin sayının artması heç də münaqişənin həlli demək deyil. Bu sadəcə təmas xəttində müşahidə edildikdən sonra monitorinq qrupu və ATƏT-in Minsk qrupuna məlumat verməli olan bir qurumdur. Burada heç bir müsbət addım olmayacaq. Işğalçının Azərbaycan ərazisindən çıxmasından sonra Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı müsbət rəy bildirə bilər. Bu sadəcə olaraq Rusiyanın nüfuzu ilə bağlı olan məsələdir. Son zamanlar Suriya məsələsində özünün sülhsevər dövlət olduğunu göstərmək istəyir. Bütün bunlar əsasən seçkilərlə bağlıdır”.