Ordumuzla bir cəbhədə döyüşməyin vaxtı artıq çoxdan çatıb

65

 

Son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində ordumuzla bağlı dərc olunan yazılar, səsləndirilən fikirlər uzun müddət Silahlı Qüvvələrimizin sıralarında xidmət etmiş bir hərbçi kimi məni bu mühüm və vacib məsələyə münasibət bildirməyə vadar elədi. Axı həyatımın ən mənalı illərinin keçdiyi bu qaynar və dinamik məkan öz qayğı və problemlərilə mənim üçün çox doğmadır. Xüsusilə ordumuza qarşı haqsız “hücumları”, yersiz ittihamları görəndə susmaya bilmirəm. Elə ona görə də son zamanlar baş verənlərə münasibət bildirmək, fikirlərimi oxucularla bölüşmək qərarına gəldim.

Müasir elmi tərəqqi bütün digər sahələrdə olduğu kimi, strateji əhəmiyyət daşıyan informasiya sahəsində də bir sıra gərginliklərlə müşahidə olunan məqamları ortaya çıxarıb. Bildiyimiz kimi, əsasən soyuq müharıbə kimi xarakterizə olunan, əslində isə, sırf informasiya mübarizəsi sahəsinə aid edilən bu sektor bütün dövrlərdə daim diqqət mərkəzində saxlanılmış, aparıcı dünya dövlətlərinin ən etibarlı silahına çevrilmişdir. Xüsusilə son dövrlərdə özünü daha qabarıq şəkildə göstərən qloballaşma meylləri bütün mütərəqqi cəhətlərilə bərabər, dövlətin milli maraqları və təhlükəsizliyi baxımından bir sıra potensial təhdidləri ön plana çıxarmışdır. Belə bir şəraitdə hər bir dövlətin milli təhlükəsizlik konsepsiyası onun iqtisadi imkanları, elmi intellektual potensialı, nəhayət, dünya siyasətindəki rolu və yerinə görə müxtəlif məqsədlər üzərində qurulur. Lakin milli təhlükəsizliyin etibarlı təminatı yalnız daxili imkanlar hesabına qurula bilməz. Burada beynəlxalq birliyin qarşılıqlı faydalı əməkdaşlığı da mühüm rol oynayır. Ancaq bununla bərabər, yerli imkan və resurslardan düzgün və səmərəli bəhrələnmədən bu sahədə hər hansı uğura imza atmaq mümkün deyil.

Məşhur rus alimi S. Lazarev informasiya sahəsində apardığı zəngin və əhəmiyyətli təcrübələr nəticəsində böyük irəliləyişlərə nail olmuş, insanın energetik səviyyəsinin son illər görünməmiş həddə çatması qənaitinə gəlmişdir: “ Vaxtilə uzun illər ağır zəhmət bahasına qazanılanları indi bir-neçə saat ərzində əldə etmək mümkündür. Bir velosipedçinin imkanları təyyarə şturvalı arxasına əyləşərkən necə dəyişərsə, insanın imkanları da o səviyyədə yüksəlıb. Ancaq təyyarə sürən velosipedçinin psixolgiyası velosipedçi psixologiyası kimi qalıbsa, o yeni imkanlardan düzgün istifadə edə bilməyəcək.”

Bütün bunların arxasında, əlbəttə, informasiya kimi nəhəng bir dünya dayanır. Müasir dövrdə informasiya öz məcrasını aşıb-daşan bir çaya bənzəyir. Əgər qarşısı alınmasa, önünə çıxan nə varsa, hamısını uçurub dağıdacaq, öz qöynuna alıb nəhəng dəryada qərq edəcək. Əlbəttə, burada yeganə çıxış yolu axını istiqamətləndirməkdir. Çünki informasiyanın mənbəyini kəsmək mümkün deyil.

İnformasiya insanın şüuruna, dünyagörüşünə son dərəcə ciddi təsir göstərmək imkanına malikdir. Dünyanın informasiya ilə idarə olunmasını iddia edənlər tamamilə haqlıdırlar. Yəni idarəetmə ölkənin siyasi, iqtisadi, sosial, hərbi, elmi-texniki və s. kimi milli maraqlarına uyğunlaşdırılmalı, milli təhlükəsizliyin təmin edilməsi məqsədini daşımalıdır. O Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olmamalı, bu maraqlara təhlükə yaradan şəraitə, prosesə və amillərə rəvac verməməlidir. Elə məhz buna görə də informasiyanın məzmunu bütün dövrlərdə həlledici xarakter daşıyıb. Məsələnin ən önəmli tərəfi isə, bu sahədə sistemli proqramların prinsipial şəkildə həyata keçirilməsi ilə bağlıdır.

Uzun illər bəzi yaxın və uzaq ölkələrin təhdidlərilə üz-üzə qalan respublikamızda da bu sahəyə xüsusi diqqət yetirilməsinə böyük ehtiyac var. Ölkəmiz müharibə şəraitindədir. Düşmən torpaqlarımızın 20 faizini işğal edib, bir milyondan artıq yurddaşımız öz ev-eşiyindən didərgin düşüb. Belə bir vaxtda ölkənin bütün informasiya resursları bir mərkəz ətrafında birləşməli, vahid məqsəd uğrunda mübarizə aparmalıdır. Unutmaq olmaz ki, adi bir ehtiyatsız addım milli maraqlarla bağlı dövlətin yürütdüyü siyasətə mənfi təsir göstərə, ölkənin beynəlxalq nüfuzuna xələl gətirə bilər. Əlbəttə, müvafiq yöndə KİV-lərin rolu xüsusi əhəmiyyət daşıyır. Başqa sözlə desək, KİV-lərin informasiya məkanı sırf milli maraqlar yönümündə formalaşmalı, şəxsi ambisiyalar bir kənara qoyulmalıdır. Ən əsası isə, informasiya məkanında üstün mövqe tutmağımız üçün KİV səhifələri siyasi rəqiblərin savaş meydanına çevrilmək kimi zərərli mərəzdən azad olmalıdır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev respublikamızın bütün sahələrdə, xüsusilə informasiya sahəsində hücum taktikası seçməsinin vacibliyini vurğulamış, təşəbbüsü əldə saxlamağın zəruriliyini qeyd etmişdir. Axı ölkəmizin gələcəyi də məhz bu taktikanın hansı özüllər üzərində qurulacağından çox asılıdır.

Lakin təəssüf hissilə qeyd etməliyik ki, çağdaş jurnalistikamızın bəzi təmsilçiləri bu kimi vacib məqamları ya bilməyərəkdən, ya da qəsdən unudur, öz iş prinsiplərində ciddi qüsurlara yol verirlər. Belələri Silahlı Qüvvələrimizin həyatında baş vermiş hər hansı faciədən, hər hansı faktdan öz maraqları naminə vasitə kimi bəhrələnməyə çalışırlar. Hansı ki, bu, müharibə şəraitində yaşayan bir ölkənin media təmsilçisinə heç bir halda başucalığı gətirmir. Fikrimcə, onlar öz enerjilərindən, istedadlarından ordumuzun daha da güclənməsi naminə səmərəli şəkildə istifadə etmiş olsaydılar, dövlətimizə və xalqımıza daha çox xeyir vermiş olardılar.

Ümumiyyətlə, unutmaq olmaz ki, istər dost, istərsə də düşmən ölkə olsun, bütün xarici kəşfiyyat şəbəkələri informasiyanın böyük hissəsini yerli KİV-lər vasitəsilə əldə edirlər. Digər tərəfdən, hər bir qəzetin, hər bir internet saytının öz oxucu auditoriyası var və bu auditoriyanın bir hissəsi məhz çağırışyaşlı gənclərdən ibarətdir. Belə olan halda bəzi KİV-lərin, xüsusilə, müxalifət düşərgəsini təmsil edən qəzetlərin orduda baş verən hər hansı neqativ fakta özünəməxsus canfəşanlıqla yanaşmasına nə ad vermək olar.

Başımıza gələnlərdən bir misal çəkmək istəyirəm. 90-cı illərin əvvəlləri idi. Cəbhədə xaos hökm sürürdü. Düşmənlər ön mövqedə dayanmış bölüklərimizdən birinin komandirini rabitə vasitəsilə çağırıb bu gün onun ad günü olduğunu xatırlatmış, beş yaşlı oğlunu, südəmər qızını soruşmuşdular. Özlüyündə adi faktdır. Amma etiraf edək ki, birbaşa cəbhə xəttində, qanlı döyüşlərin mərkəzində dayanan adam üçün bu faktı düşmən tərəfdən eşitmək heç də adi qarşılanmamışdı. Bütün bunlardan necə xəbər tutduqlarını soruşduqda isə, ona cavab vermişdilər ki, sizin qəzetlərdən… Göründüyü kimi, şərhə ehtiyac olmasa da, öz həmkarlarımıza düşmənlərimizin mövcudluğunu xatırlatmağa sanki əlahiddə bir ehtiyac var.

İnformasiya daşıyıcıları yalnız özlərini, öz ambisiyalarını, siyasi iddialarını düşünməməlidirlər. Əksinə, milli maraqlar naminə öz iş prinsiplərini daha ciddi amallar üzərində qurmağa çalışmalıdırlar. Anlamalıdırlar ki, müharibə şəraitində yaşayan bir ölkədə hər bir informasiya daşıyıcısının üzərinə ciddi məsuliyyət düşür. Ötürülən hər bir informasiyadan təkcə dövlətin milli təhlükəsizliyi deyil, həm də ayrı-ayrı vətəndaşların taleyi asılıdır. Bu gün cəbhədən yüz kilometrlərlə uzaqda işıq üzü görən informasiya düşmənlə üz-üzə dayanmış minlərlə hərbçi üçün real təhlükəyə çevrilə bilər. Fakt göz önündədir: informasiya müharibəsində ən elementar döyüş qaydalarını bilməməyimiz bizə zamanında çox acılar daddırıb.

Arzuolunmaz faktlardan biri də KİV-lərin birtərəfli qaydada işləməsidir. Əgər Azərbaycan müharibə şəraitində yaşayırsa və biz öz torpaqlarımızın bütövlüyünü istəyiriksə, mətbu orqanlarımızda düşmən cəbhəsindəki vəziyyətlə bağlı informasiyalara da geniş yer ayırmalı, oradakı acınacaqlı vəziyyəti dərindən işıqlandırmalıyıq. Bu sahədə kifayət qədər çevik informasiya mənbələri mövcuddur.

Onu da xüsusi vurğulamağa ehtiyac var ki, dünyanın heç bir ordusu hər hansı bədbəxt hadisədən sığortalanmayıb. Bunun ilkin səbəbi ordunun birbaşa silahla bağlılıgı, xidmətin dinamikliyilə əlaqədardır. Məsələn, Rusiya Federasiyasının “Analıq hüququ” Fondunun bir məlumatında bildirilirdi ki, ötən il rus ordusunda üç mindən artıq ölüm faktı qeydə alınıb. Hüquq müdafiəçiləri təqribən 1500 əsgər və zabitin silahla intihar etdiyini, hər 5 əsgərdən birinin isə ağır xəstəlikdən dünyasını dəyişdiyini diqqətə çatdırmışdılar. Onu da xüsusi vurğulamışdılar ki, təqribən min nəfərə yaxın rus əsgəri işgəncə nəticəsində qəsdən öldürülüb. Məlumatda həmçinin əsgər Podkoldinin 6 dəfə intihara cəhd etdiyi xüsusi vurğulanmışdır.

Bizim ordumuzda isə vəziyyət tamamılə fərqlidir. Silahlı Qüvvələrimizin özülü gərgin vəziyyətdə, döyüşlər zamanı qoyulub. Vaxtilə qarşılaşdığımız çətinlikləri yaxşı xatırlayırıq. Lakin ulu öndər Heydər Əliyevin rəhbərliyi altında dövlətin və xalqın iradəsi bu ordunun ayağa qalxmasına, formalaşmasına imkan yaratdı. İndi inamla deyə bilərik ki, Silahlı Qüvvələrimiz Cənubi Qafqazda müqayisəyəgəlməz döyüş imkanlarına malikdir.

Bütün bunlarla bərabər, bizim ordumuz da xüsusilə cəbhə bölgəsində, atəşkəsi pozan düşmənlə döyüşlərdə itkilər verir. Lakin bu itkilər bir sıra müxalifyönlü KİV-lərdə arzuolunmaz şəkildə şərh olunur. Əsgərin ərazi bütövlüyümüz uğrunda həlak olması qəsdən tamamilə unudulur. Əvəzində isə həqiqətə uyğun gəlməyən şaiyə və yalanlara meydan verilir. Bunula da, son dərəcə xüsusi önəm daşıyan hərbi vətənpərvərlik tərbiyəsinə, gənclərin Silahlı Qüvvələrə qarşı normal münasibətinə ciddi əngəllər yaradılır. Hansı ki, müharibə şəraitində yaşayan bir ölkə üçün bu addım daxildəki qüvvələr tərəfindən dövlətin təhlükəsizliyi və gələcəyinə qarşı yönəlmiş təhdid kimi qiymətləndirilməlidir…

Sonda yuxarıda toxunduğumuz vacib bir məsələyə yenidən qayıtmaq istərdim. İnformasiya mübarizəsində üstün durumda olmamız üçün əlimizin altında kifayət qədər ciddi faktlar var. Məsələn, düşmən məkanında artıq birmənalı şəkildə etiraf olunur ki, mövcud şəraitdə Ermənistanın Azərbaycanla hərbi balansı nizamlaması müşkül məsələdir. Əks təqdirdə bu rəqabət Ermənistanı sosial və iqtisadi baxımdan tamamilə iflasa uğradacaq…

Doğrusu, bu kimi onlarla faktdan yetərincə bəhrələnərək yabançı qüvvələrə qələmimizin qüdrətini göstərmək imkanımız da kifayət qədərdir. Odur ki, qələmimizi süngüyə çevirməklə ordumuzla bir cəbhədə döyüşməyin vaxtı artıq çoxdan çatıb…

 

İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist,
ehtiyatda olan polkovnik-leytenant