Prezidentin Şəmkir haqqında Sərəncamları

Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son on ildə Şəmkir rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, Gənclər evi inşa edilmiş, əlil və şəhid ailələri üçün ümumilikdə 60 mənzilli 3 yaşayış binası inşa edilmiş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, emal müəssisələri yaradılmış, Şəmkir şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Şəmkir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Şəmkir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2013-cü il.

 


 

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şəmkir şəhərində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

  1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 sentyabr 2013-cü il.