Rusiyanın yeni səfiri Məmmədyarovla danışıqlarda

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.

XALQ.AZ xəbər verir ki,  XİN-dən verilən məlumata görə, görüşdə səfir Mixail Boçarnikov etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Elmar Məmmədyarov səfiri təyinatı münasibətilə təbrik etdi və ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Mixail Boçarnikov Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüş zamanı Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə olundu. Siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirildi. İkitərəfli əməkdaşlığın inkişafında regionlararası əməkdaşlığın xüsusi rol oynadığı qeyd olundu.

Söhbət əsnasında həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xəzərdənizinin hüquqi statusu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir