Korrupsionerlərə qarşı əməliyyatlar keçiriləcək

Azərbaycanda son həftələrdə korrupsioner məmurlara qarşı əməliyyatlar intensivləşib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi müxtəlif vəzifəli şəxslərə qarşı əməliyyatlar keçirir. Xüsusilə səhiyyə sahəsində korrupsiya faktları araşdırılır.

1 həftə öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası”nın da vəzifəli şəxsləri məsuliyyətə cəlb edilib.

Məsələ ilə bağlı   danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev söyləyib ki, korrupsiya və rüşvətxorluq hər bir dövlətin demokratik dəyərlərinə zərbə vuran amillərdir:

 

“Korrupsiyaya qarşı mübarizə mütəmadi olaraq keçirilir. Bu,Azərbaycan dövlətinin prioritet siyasətlərindən biridir. İstər DTX, istərsə də Baş Prokurorluq tərəfindən həyata keçirilən son əməliyyatlar bir daha korrupsiyaya qarşı mübarizənin əsas istiqamətlərdən olduğunun sübutudur. Korrupsiya kiminsə haqqına girmək, rüşvətlə bağlı cinayətlər həm ölkə daxilində, həm də xaricdə bir dövlətin demokratik dəyərlərinə zərbə vuran amillərdir. Hansı sahədə olursa-olsun korrupsiyanın qarşısının alınması vacibdir”.

Deputat korrupsiya əməliyyatlarının davamlı olacağını qeyd edib:

“Ali Baş Komandan cənab İlham Əliyev,dəfələrlə, məmurları, eyni zamanda vəzifə sahiblərini xəbərdar edib ki, korrupsiya ilə mübarizədə qətiyyətliyik və sona qədər gedəcəyik. Bu əməliyyatlar adi haldır. Demək olar ki, hüquq-mühafizə orqanlarının gündəlik keçirdiyi əməliyyatlardan biridir. Bu işdə həm də hüquq-mühafizə orqanları, KİV-lər mütləq şəkildə özlərinin təbliğat-təşviqat işlərini də yüksək səviyyədə aparmalıdırlar.  Hər bir məmur, dövlət işində və digər qurumlarda çalışanlar da bilməlidir ki, dövlətdə ən yüksək məsələ hüquq, dövlətçilik və qanunlardır”.