Sədr baş konsulu qəbul etdi

 

06

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin muxtar respublikamıza yeni təyin olunmuş baş konsulu Əli Rza Akıncı ilə görüşmüşdür.Muxtar Respublika Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ali Məclisin sədri Vasif Talıbov Əli Rza Akıncını baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik edərək demişdir ki, Azərbaycan və Türkiyə dost və qardaş ölkələrdir. Bu gün hər iki ölkə arasındakı tarixi zəminə əsaslanan münasibətlər, siyasi, iqtisadi və mədəni əlaqələr möhkəm strateji tərəfdaşlıq səviyyəsindədir.Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin uğurla inkişaf etdiyini bildirən Ali Məclisin sədri möhkəm təməllər üzərində qurulan münasibətlərin məmnunluq doğurduğunu qeyd etmiş, baş konsula diplomatik fəaliyyətində uğurlar arzulamışdır.Səmimi görüşə görə minnətdarlığını bildirən Əli Rza Akıncı demişdir ki, Naxçıvanda çalışmaq onda böyük iftixar hissi doğurur. Baş konsul muxtar respublikadakı diplomatik fəaliyyəti müddətində ikitərəfli münasibətlərin inkişafı sahəsində səylərini əsirgəməyəcəyini, mövcud əlaqələrin daha da genişlənməsinə çalışacağını bildirmişdir.
Görüşdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.