Ombudsman bəyanat verdi

 

07

Azərbaycan Ombudsmanı Rusiya Federasiyasında tutulan Orxan Zeynalovun hüquqlarının müdafiəsi ilə bağlı bəyanat yaymışdır

Məlum olduğu kimi, Moskva şəhərində Rusiya Federasiyasının vətəndaşı Y.Şerbakovu öldürməkdə şübhəli bilinən, Moskvada əməkçi miqrant qismində çalışan Azərbaycan vətəndaşı Orxan Zeynalov cari il oktyabrın 15-də xüsusi təyinatlı polis qüvvələri tərəfindən keçirilmiş əməliyyat nəticəsində tutulmuşdur.Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Rusiya Federasiyasında tutulan O.Zeynalovun hüquqlarının müdafiəsi ilə bağlı bəyanat yaymışdır.
Bəyanatda qeyd olunmuşdur ki, O.Zeynalovun tutulması zamanı bir sıra ciddi qanun pozuntularına yol verilmişdir.
Rusiya Federasiyası BMT-nin və Avropa Şurasının üzvü olaraq insan hüquqlarına dair əsas beynəlxalq hüquqi aktların, o cümlədən də Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, Avropa İnsan Hüquqları Konvensiyasının, işgəncə əleyhinə BMT və Avropa Şurası Konvensiyalarının iştirakçısı kimi öz üzərinə müvafiq öhdəliklər götürmüşdür.Beynəlxalq Paktın 7-ci, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə əsasən, heç kəs işgəncəyə və ya qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və cəzaya məruz qala bilməz. Eyni zamanda, Paktın 14-cü maddəsinə əsasən, cinayət törətməkdə təqsirləndirilən hər bir şəxs onun təqsiri qanuna müvafiq olaraq sübuta yetirilməyənə qədər günahsız hesab olunur. Bu maddənin daha bir tələbi ondan ibarətdir ki, saxlanılan şəxsə ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında dərhal və onun başa düşdüyü dildə məlumat verilməlidir.O.Zeynalova qarşı bu qanunazidd, zorakı, ləyaqəti alçaldan hərəkətlər həm də diskriminasiyanın bariz təzahürüdür. Halbuki beynəlxalq və milli hüquqa əsasən, ümumqəbulolunmuş norma olaraq hər hansı əlamətə, o cümlədən milli mənsubiyyətinə görə diskriminasiya qadağan edilir.Məhz bu səbəbdən baş vermiş hadisə artıq Rusiyanın hüdudlarından kənara çıxaraq beynəlxalq ictimaiyyətin də etirazına səbəb olmuşdur.Eyni zamanda, məişət zəminində baş vermiş və Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən meyvə-tərəvəz bazasının fəaliyyəti ilə heç bir bağlılığı olmayan cinayət hadisəsi nəticəsində mindən artıq miqrantın saxlanılması, onlara qarşı kobud rəftar edilməsi, ləyaqətinin alçaldılması, mülkiyyətinin talan və məhv edilməsi adı çəkilən beynəlxalq sənədlərin, Rusiya qanunvericiliyinin, həmçinin MDB çərçivəsində bağlanmış və Rusiyanın da iştirakçısı olduğu əvvəldə qeyd olunan əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqi statusu haqqında Konvensiyanın tələblərinin kobud pozuntusudur.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Rusiyanın Federal Ombudsmanı Vladimir Lukini Rusiya Federasiyasında İnsan hüquqları üzrə Müvəkkil haqqında Qanunu və digər müvafiq qanunvericilik aktlarını, o cümlədən Rusiyanın iştirakçısı olduğu beynəlxalq müqavilələri rəhbər tutaraq, səlahiyyətli orqanlarla birgə məsələnin hüquq müstəvisində dərindən araşdırılmasına, O.Zeynalovun və digər azərbaycanlı miqrantların hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlər görməyə çağırmışdır.