Salyanlılar firavanlığa, sabitliyə səs verəcəklər

XALQ,AZ xəbər verir ki, YAP Salyan rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə növbəti dəfə namizədliyi irəli sürülən İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.  Aran bürosunun verdiyi məlumata görə, bu gün Salyan şəhərində mədəniyyət işçiləri ilə görüş keçirilib.

Görüşdə YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov, Milli Məclisin deputatları Əliağa Hüseynov, Fəzail Ağamalı, YAP Salyan rayon təşkilatı icra aparatının rəhbəri Mirzə Mirzəyev, “Əməkdar müəllim” Yaqut Ələsgərova, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, İdarə Heyətinin üzvü Əbülfət Bədəlov, Yavər Cəbrayılov və seçki qəragahının üzvü Rüstəm Məlikov iştirak ediblər.

Çıxışçılar bildiriblər ki, xalqımız sabitliyin, inkişafın, tərəqqinin tərəfdarıdır. Ölkəmizin son illər əldə etdiyi nailiyyətlər məhz prezident İlham Əliyevin gərgin fəaliyyətinin nəticəsidir. Ona görə 11 apreldə hər bir vətəndaş növbəti dəfə taleyini İlham Əliyevə etibar edib ona səs verəcək. Salyan şəhər Mədəniyyət işçiləri öz növbələrində çıxışlar edərək seçimlərinin İlham Əliyev olduğunu bildiriblər.

 

Elgün