Soydaşlarımız ərəb mənbələrində araşdırılıb

Tehsil

Azərbaycanlı alim Seymur Nəsirov qədim ərəb mənbələrində azərbaycanlıların həyat və  yaradıcılıqları barədə geniş tədqiqatlar aparıb və tarixdə iz qoymuş soydaşlarımız barədə  “Ərəb mənbələrində azərbaycanlıların həyat və yaradıcılıqları” adlı kitab nəşr etdirib. Ərəb  mənbələri vasitəsilə yüzə qədər azərbaycanlı alimin həyat və yaradıcılığı öyrənilib. Müəllif  ərəb mənbələrində Azərbaycana aid olan və elmi dairələrə tam məlum olmayan tarixi  həqiqətləri üzə çıxarmaq üçün elmi-tədqiqat fəaliyyətinə başlamışdır.

Qahirə Açıq Amerika Universiteti ərəb dili və ədəbiyyat fakültəsinin doktorantı Seymur  Nəsirov altı ildən çox davam edən elmi fəaliyyəti çərçivəsində beş yüzə qədər ərəb elmi mənbələrinə müraciət edib və kitabda onlardan yüz on dördünə istinad edilir. Kitabda Azərbaycan xalqının zəngin tarixi keçmişi, mədəniyyəti və incəsənətinin dərinliyindən bəhs edən dəyərli fikirlər var.

S.Nəsirov AzərTAc-a müsahibəsində deyib ki, uzun bir tarixi dövr ərzində ərəb-İslam dünyası ilə bağlı olan Azərbaycan haqqında ərəb alim və mütəfəkkirləri tərəfindən müfəssəl elmi araşdırmalar aparmaq çox vacibdir. Azərbaycan xalqının bəşər və İslam sivilizasiyasının inkişafına verdiyi əvəzsiz töhfələr aşkara çıxarılmalıdır. “Azərbaycanın ərəb-İslam dünyası ilə tarixi əlaqələrinin tədqiq edilməsinə keçmiş SSRİ rəhbərliyi tərəfindən qoyulmuş siyasi-ideoloji məhdudiyyət və qadağalar bu mənbələrin əsaslı şəkildə öyrənilməsinə mane olmuşdu. Erkən orta əsrlərə aid olan bu mənbələr coğrafi məkan kimi Azərbaycan adlı ərazinin və tarixən orada məskunlaşmış Azərbaycan xalqının dərin tarixi keçmişini bir daha sübut edir. Eyni zamanda, tədqiq edilən ərəb mənbələri bir sıra orta əsr Azərbaycan alimlərinin həyat və yaradıcılığı barəsində yeni faktların ortaya çıxmasına, bir çox hallarda isə yeni azərbaycanlı alimlərin aşkarlanmasına səbəb olub”.

S.Nəsirov bildirdi ki, XII əsr ərəb alimi Əbu Tahir Əssiləfi öz əsərlərində Azərbaycan ilə Əndəlüs arasında müqayisə aparıb və yazıb ki, şərqdə Azərbaycanın, qərbdə isə Əndəlüsün elm və ədəbiyyatda xüsusi rolu var. XIII əsr ərəb alimi İmam Cəzəri Azərbaycanın Mərənd şəhərindən bəhs edərkən deyib: “Azərbaycan elmin hər bir sahəsində dahi alimlər yetişdirir”. Digər orta əsr ərəb mütəfəkkiri İmam Səmani isə “Əl-Ənsab” əsərində yazırdı: “Azərbaycan qədimdən bu günə qədər alimlərin yetişdiyi bir diyardı”. Digər ərəb alimi İbn Aşur “Təhrir və Tənvir” kitabında müqəddəs Qurani-Kərimdə cənnətdən bəhs edərkən Azərbaycan adlı xalçaya eyham olunduğunu bildirir”.

Araşdırma zamanı müəyyən edilib ki, XV əsrdə Misirin baş həkimi əslən Azərbaycandan olan Fəthullah İbn Nəfis olub. XIII əsrdə Qahirədə yazıb-yaratmış azərbaycanlı islamşünas və ərəbşünas dilçi alim Cəmaləddin İbn Həcibin müəllifi olduğu kitablar bu günə qədər Misirin ali təhsil müəssisələrində tədris vəsaiti kimi istifadə olunur”.

S.Nəsirov elmi tədqiqatlarını, Azərbaycan xalqının zəngin tarixi irsinə aid yeni faktları və tarixi şəxsiyyətləri üzə çıxarmaq işini davam etdirəcəkdir.