Tərtərdə kərbəla zülmü

72

Müharibə şəraitində yaşayan Azərbaycanın cəbhə bölgələrindən biri də Tərtər rayonudur. Birinci Qarabağ savaşında Ağdam şəhərindən sonra ikinci ən çox şəhid verən Tərtər Yuxarı Qarabağda yerləşir. 

Qarabağın tam şəkildə işğalda olmayan ərazisi də Tərtərdir. İki Milli Qəhrəman – Vəzir Orucov, Elman Hüseynov olan və saysız şəhid verən Tərtər “Qəhrəman şəhər” adını alıb. Hazırda da atəşkəsin tez-tez pozulmasına baxmayaraq, cəbhədə sakinlər öz yaşayışına davam edir. Onlar əsgərlərlə bərabər erməniyə müqavimət göstərir. Tərtərin Qazyan-Qapanlı kənd sakinləri hər zaman əsgərlərə dəstək olur. Lakin bu yazıda biz onların qəhrəmanlığından deyil, həmin kəndin sakinlərinin yaşayış şəraiti haqqında, onların cəbhə bölgəsindəki güzaranından danışacağıq.

Yolsuz tərtərlilər…

Bu kəndlərin yolları çox pis vəziyyətdədir: asfaltlanmayıb, heç xırda daşlarla da düzəldilməyib. Yayda maşınların hərəkəti ilə yaranan toz, qışda isə qarın əriməsi, yağışın yağması kənd yollarını dözülməz edir. Yolların tozlu palçıqlı olması yaşayışı tamam çətinləşdirir. Bununla yanaşı, nəqliyyat problemini yaşayan sakinlərin avtobus gözləmək üçün dayanacağı belə yoxdur. Avtobusların kənddən şəhərə gedişi isə saat 8-dən 14:00-dək olur. Şəhərə getmək istəyən sakinlər saat 14:00-dan sonra ancaq taksi ilə gedə bilərlər. Taksilər 30 dəqiqəlik yola 6-7 manat, avtobuslar isə 60 qəpik yol haqqı alır. Sakinlərin dediyinə görə, avtobus sürücüləri benzindən az miqdarda istifadə edirlər. Onlar sərnişinlərin həyatlarını təhlükəyə ataraq avtobusların hərəkəti üçün qaz vururlar. Bu isə ciddi təhlükə yaradır.

Susuz tərtərlilər…

Kənd iki ildir ki, qazla təmin olunub və bu, sevindirici haldır. Son 3 ildir ki, işıq problemi də həll olunub. Ən çox da kənddə tələbatı olan su problemi kənd sakinlərinə əsl işgəncədir. İllərdir ki, su problemi yaşayan kəndlərə bir müddət əvvəl ingilislər su çəkmişdilər. Suyun hər həyətə çəkilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdu. Sakinlər bildirirlər ki, 6 ay müddətində sudan rahat istifadə etdilər, lakin sonradan bir sıra problemlər yarandı. Cəbhə bölgəsində yaşayan sakinlərə su üçün sayğacın qoyulmayacağını desələr də, artıq Qazyan kəndinə sayğac quraşdırılıb. Sakinlər öz narazılıqlarını bildirirlər, onlar hesab edirlər ki, sayğac olmamalıdır.

Kənddən iki nəfər bələdiyyənin qohumu sayğacın quraşdırılması üçün şikayət ərizəsi yazıb və iki nəfərin ərizəsinə əsasən sayğaclar quraşdırılıb. Bakıda suyun 1 tonu 10 qəpik  olduğu halda, cəbhə sakinləri suyun 1 tonuna 25 qəpik ödəyir. Sayğacın qanunsuz quraşdırılmasını bildirən sakinlər qeyd edir ki, qonşu kənd olan Hüsənliyə də sayğac quraşdırmaq istəyiblər, amma sakinlər öz etirazlarını bildirib, qanunsuz olduğunu deyiblər. Kəndin etirazı sayğac ustalarını yamanca qorxudub. Qazyana qonşu olan Qapanlıda isə vəziyyət daha çətinləşib. Kəndə günlərlə su verilmir. Kənd sakini İlya Əliyev adlı bir şəxs sakinlərin dediyinə görə, bələdiyyənin səlahiyyəti çatmadan suyu bağlayır və saatlarla verəcəyini deyir. Lakin deyilən saat müddətində belə kəndə su verilmir. İçməli suya həsrət qaldıqlarını bildirən kənd sakinlərinin vəziyyəti çox da ürək açan deyil.

Qeyd edək ki, cəbhədə yaşayan sakinlər sahələrdə erməni gülləsinə hər an tuş gələ bilər deyə maldarlığa yox, daha çox əkinçiliyə önəm veririlər. Heç maldarlıq üçün də örüş olmadığını qeyd edən sakinlər maldarlığın zəif olmasının bir səbəbini də bunda görürlər. Buna görə də sakinlər bostan, tarla işlərinə önəm verirlər, lakin susuzluq problemi bunun da qarşısını alır. Su problemi yaşayan sakinlər öz həyətlərində bostan becərə bilmirlər. Sahələrin suvarılması üçün isə özəlləşdirilmiş su quyuları var ki, bir gün üçün 17-20  manat ödəyərək suvarır. Sakinlərin su problemi yaşayışlarını tamamilə çətinləşdirir.

Qanunsuz sayğacların quraşdırılması, suyun bir tonunun 25 qəpik olması, qonşu kənddə özbaşınalıq ucbatından suyun günlərlə verilməməsi onların vəziyyətini dözülməz hala gətirib. Kəndin bələdiyyəsi Siluddin Ələkbərov heç bir problemlə maraqlanmır. Daha vacib işləri varmış kimi, kəndin neçə illərdir, yol, nəqliyyat, su problemin görməzdən gəlir.

Köməksiz tərtərlilər…

Sakinlər bildirilər ki, illərdir öz evlərində bu şəraitlə keçinirlər. Qazın, işığın çəkilməsi onlar üçün göydəndüşmə olsa da, su problemi milləti bir sözlə cana gətirib. “Əgər bu su ingilislər tərəfindən xeyiriyyə məqsədilə çəkilibsə, o zaman niyə bələdiyyənin qohumlarının ərizəsinə əsasən sulara sayğac quraşdırılmalıdır”, – deyə sakinləri bildirirlər. Axı suyu Tərtər rayon nümayəndələri yox, inglislər çəkib. Su həyat deməkdir, amma Tərtərin sözügedən kəndlərində həyat dayanıb. Onlar rayon rəhbərliyindən baş verənlərə münasibət bildirməyi və problemləri radan qaldırmağı tələb edirlər.