Türk televiziyaları Azerspace-1 üzərindən yayımlanacaq

 

63

Sentyabrın 11-14-də İstanbulda keçirilən CeBİT İnformasiya Texnologiyaları Avrasiya Sərgisində iştirak edən “Azərkosmos” ASC tədbir çərçivəsində bir sıra müqavilələr imzalayıb. ASC-dən bildiriblər ki, Türkiyənin NEBA şirkəti ilə türk kanallarının Azerspace-1 peyki üzərindən yayımlanmasına dair imzalanmış müqavilə mühüm əhəmiyyət kəsb edir. İmzalanma mərasimində iştirak edən Azərbaycan Respublikasının informasiya və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov “türk kanallarının Azərbaycan peyki üzərindən yayımlanması barədə müqavilə bağlanmasını böyük önəmə malik sevindirici hadisə” kimi dəyərləndirib. NEBA şirkətinin baş direktoru Mustafa Serez isə bununla bağlı açıqlamasında bildirib: “Azerspace-1-in Azərbaycanda və regionda gücü mübahisəolunmazdır. Peykin texnoloji imkanları ən yüksək səviyyədədir və belə bir güclü peyk operatoru ilə əməkdaşlıq etdiyimiz üçün çox məmnunuq”.

Türkiyə kanallarının ilk siqnalı bu ilin sentyabr ayında veriləcək. İki qardaş ölkə arasındakı bu əməkdaşlıq Türkiyə kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb və türk kanalları üçün açılmış yeni pəncərə kimi qiymətləndirilib.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətləri göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevralında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə olunan Azərspace-1 peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.