TÜRKIYƏLI MƏŞHUR SƏNƏTÇI TOVUZDA BAYRAM KONSERTI VERIB

Türkiyənin tanınmış sənətçisi, “Ah Karabağ” əsərinin müəllifi və ifaçısı Başkal millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və “12 May” Groupun dəvəti ilə Azərbaycana gəlib. Türkiyəli sənətçi Başkal “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində “Birlik və Bərabərlik” adı altında Ramazan bayramı münasibətilə konsert proqramı ilə ilk əvvəl ön cəbhə rayonlarından olan Tovuz rayonunda çıxış edib.

 Başkal bəy səhnəni Azərbaycanın Əməkdar artisti Elza Seyidcahanla bölüşüb. Konsertdə millət vəkilləri Qənirə Paşayeva, Etibar Hüseynov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, “N” saylı hərbi hissənin polkovniki Mayıs Bərxudarov, “12 May” Groupun təsisçisi Hacı Səbuhi Rəcəb və digər ictimai xadimlər iştirak ediblər.
Hər kəsi Ramazan bayramı münasibətilə təbrik edən tədbirin təşkilatçısı, Qənirə Paşayeva hər kəsə bütün dualarına çatmalarını diləyib. Ramazan ayı və bayramının hikmətləri barədə çıxış edən millət vəkili hər bir azərbaycanlının özü ilə yanaşı, ölkəmiz və millətimiz üçün də dualar etdiyini vurğulayıb: “Torpaqlarımızın 20 faizinin hələ də Ermənistanın işğalı altında olması səbəbindən bayramları tam bayram dadında yaşaya bilmirik. İnşallah gələn tədbiri və bayramı Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “bir millət iki dövlət” olan Azərbaycan və Türkiyənin vətəndaşları, qardaş-bacıları olaraq birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”.
Millət vəkilinin çıxışının ardından söz alan türk müğənnisi Başkal Azərbaycana və azərbaycanlılara olan sevgisini bir daha ifadə edib və onu Azərbaycana dəvət etdikləri üçün millət vəkili Qənirə Paşayevaya təşəkkürünü ifadə edib. Azərbaycanda, Tovuzda olmaqdan məmnun olduğunu, Azərbaycanı özünə vətən hesab etdiyini deyən türkiyəli sənətçi şəhidlərin ruhu qarşısında baş əydiyini söyləyib. Sənətçi çıxışını “Ne mutlu türküm deyene” mahnısı ilə başlayıb və tamaşaçılar arasında coşqu yaradıb. Ardından Qarabağa həsr etdiyi “Ah Karabağ” mahnısını ifa edib. Daha sonra Türkiyəli sənətçi “Memleketim”, “Çırpınırdı qara dəniz” və bir neçə vətənpərvər ruhda mahnılar ifa edib.
Qeyd edək ki, konsertin sonunda millət vəkili Qənirə Paşayeva və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov Başkala üzərində “Dədə Xudu” yazılmış, Azərbaycanın və türk dünyasının qədim milli musiqi aləti olan sazı hədiyyə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.