Ədalət Vəliyev Rufiz Qonaqovla görüşdü

Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqovla görüşüb.

XALQ.AZ xəbər verir ki, görüşdə ölkədə aparılan islahatlar, yeni siyasi konfiqurasiyanın formalaşması, iqtidar-müxalifət siyasi dialoqunun uğurla həyata keçirilməsi və digər ictimai-siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb. Son 5 ay ərzində 10 siyasi partiyanın Qurultaylarının keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması, həmçinin 6 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması və bu xüsusda Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayının 9-dan 11-ə yüksəlməsi, eyni zamanda, müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikasının Milli Məclisi sədrinin vəzifəsində qadının, sədr müavini vəzifələrinin birinə isə müxalif partiyanın nümayəndəsinin seçilməsi, bundan əlavə bütün müxalif siyasi partiyaların Milli Məclis komitələrinin rəhbərliyində təmsil olunması faktları ölkənin siyasi həyatında xüsusi önəm kəsb etdiyi qeyd olunub.

Bununla yanaşı, son vaxtlar ölkədə rüşvətxorluğa və digər korrupsiya hallarına qarşı mübarizə istiqamətində görülən işlər və bu çərçivədə dövlət orqanlarında yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi faktları yüksək qiymətləndirilib.

Həmçinin “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklərin edilməsi zərurəti, qanunlara riayət edilməsinə nəzarət mexanizmlərinin gücləndirilməsi və siyasi partiyaların maliyyə hesabatlılığı məsələləri barədə müzakirə aparılıb.

Bundan əlavə, Azərbaycanda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bilavasitə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qabaqlayıcı tədbirlər haqda da danışılıb.