“Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsa, Azərbaycan ərazilərindən silahlılarını çıxarsın” – Ekspert

Hazırda Azərbaycanın iki əsgəri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistanda əsirlikdədir.

Ermənistan isə onları qaytarmaq istəmir. İrəvan həmin əsgərlərin müqabilində Bakıdakı erməni əsirlərini geri tələb edir. Azərbaycan hökuməti isə Bakıdan erməni əsirlərin olmadığını bildirir.

Belə situasiyada həmin əsirlərin aqibəti necə olacaq? Məsələ ilə bağlı ehtiyatda olan mayor hərbi ekspert Ədalət Verdiyev danışıb. O, bildirib ki, Azərbaycanda olan erməni əsirləri müharibə bitdikdən sonra qarşı tərəfə qaytarılıb:

“Azərbaycan tərəfində olan bütün hərbi əsirlər daha öncə qaytarılıb. Ümumilikdə müharibə başa çatandan sonra Azərbaycan 180-dən çox erməni əsirini əks tərəfə qaytarıb. Onların arasında hətta cinayət törətmiş terrorçular da olub ki, onlar yüngül cinayət törətdiklərinə görə cəzalarının az hissəsini çəkdikdən sonra onları yedirib-içirib, kökəltmişik və Ermənistana qaytarmışıq. Onların əksəriyyəti heç bir qarşılıq olmadan qaytarılıb, bizə onların qarşılığında verilən minalı sahələrin xəritələri olub ki, onların da böyük hissəsi doğru çıxmayıb. Belə olan halda, Ermənistan tərəfinin ərazidə azmış iki əsgərimizi əsir götürüb onlara ağ saplarla bir cinayət işi tikməsi, bu məsələdə Azərbaycanda saxlanılar terrorçularla tərəzinin bir gözünə qoyması onların Azərbaycanda saxlanılan daha çox terrorçunu qaytarmaq niyyətindən xəbər verir”.

Ekspert bildirib ki, iki əsgərimiz qarşılığında yalnız iki nəfər erməni əsiri qaytarıla bilər, əgər Ermənistan tərəfi bundan artığını tələb edərsə, bu mübadilə baş tutmayacaq:

“Hesab edirəm ki, biz bu məsələdə belə yola gedə bilərik ki, əsir götürülən iki əsgərimiz qarşılığında yalnız iki ermənini qaytaraq. Bundan artığını vermək doğru olmayacaq, çünki hazırda eyni silahla Azərbaycan ərazilərində 10 minə yaxın erməni silahlısı var və onların da yarıdan çoxu Ermənistan vətəndaşıdır. Belə olan halda, əgər ərazilərə silahla girmək qadağandırsa və Ermənistan da Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsa, bu məsələdə səmimidirsə, Azərbaycan ərazilərindən silahlılarını çıxarsın. Və sübut etsin ki, bu həqiqətən cinayət məsuliyyəti yaradan bir fəaliyyətdir. Biz isə bunları hələ ki, görmürük. Odur ki, Ermənistanıən bu addımları heç bir nəticə verməyəcək və o iki əsgərimiz qarşılığında maksimum iki nəfəri Ermənistanla mübadilə edə bilərik. Yox, əgər Ermənistan tərəfi bundan çoxuna iddia edərsə, bu mübadilə, ümumiyyətlə, baş tutmayacaq”.