Əli Hüseynli 104 yaşlı veteranla görüşüb təbrik etdi-Fotolar

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli və Milli Məclisin deputatı İlham Məmmədov Yevlax rayonu Xaldan kənd sakini Böyük Vətən müharibəsinin veteranı 104 yaşlı Abdulla Abdullayevi 9 May – Qələbə günü və veteranın doğum günü münasibətilə evində ziyarət etmişdir.
XALQ.AZ xəbər verir ki, Yevlax rayonu Xaldan kənd sakini Abdulla Abdullayev gənc yaşlarından döyüşlərə qatılmışdır. O, 1921-ci ilin mayın 8-də Xaldan kəndində doğulub. 20 yaşında müharibəyə qatılaraq artilleriya və tank bölmələrində xidmət keçib. Veteranın döyüş yolu 1941-ci ildə Stalinqraddan başlamışdır. Ukrayna, Belarus ərazisində gedən ağır döyüşlərdə topçu və tankçı kimi əlindən gələni əsirgəməmişdir.
Görüş zamanı qocaman veteranın sağlamlığı və müalicəsi, eyni zamanda ailəsinin qayğıları ilə maraqlanılmışdır. Böyük Vətən müharibəsinin veteranı Abdulla Abdullayev göstərilən yüksək diqqət və qayğıya görə Ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.