Əli Məsimli GUAM PA-nın sessiyasında təkliflə çıxış etdi

Fevralın 10-da GUAM Parlament Assambleyasının videokonfrans formatında 13-cü sessiyası keçirilib.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı Əli Məsimli GUAM Parlament Assambleyasının videokonfrans sessiyasında təkliflə çıxış edib.

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisinin GUAM PA-dakı nümayəndə heyətinin üzvü Əli Məsimli GUAM Parlament Assambleyasının 13-cü iclasında “Parlamentlərarası qarşılıqlı əlaqələrin inkişafı, əməkdaşlıq prioritetlərinin həyata keçirilməsi” mövzusunda çıxışında bildirmişdir ki, ” Baltik Assambleyası ilə GUAM Parlament Assambleyası arasındakı ortaq məqsəd Baltikyanı ölkələrin və GUAM-ın demokratik, sosial-iqtisadi və mədəni inkişafının təşviqi, regional əməkdaşlığın siyasi dəstəklənməsi,eləcə də GUAM məkanında həlli uzanan münaqişələrin həllinə təsir göstərilməsi və bunun üçün siyasi dəstək verilməsidir. Təhlükəsizlik,o cümlədən enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizliyə qarşı yeni çağırışlara cavab, siyasi, iqtisadi, hüquqi, ekoloji, mədəni və təhsilin inkişafı ikitərəfli gündəliyin ayrılmaz hissələridir.” Əli Məsimli onu da qeyd etmişdir ki, “yalnız beynəlxalq aləmdə aktiv təmaslar, qarşılıqlı məhsuldar səfərlər və bir-birimizin dəstəklənməsi sayəsində bölgələrimizin, dövlətlərimizin və xalqlarımızın maraqlarına cavab verəcək real uğur qazanmaq mümkündür.GUAM PA ilə Baltik Assambleyası arasındakı münasibətlər məhz bu cürdür. Əli Məsimli Baltik Assambleyasının düzənlədiyi çoxsaylı tədbirlərdə iştirakını xatırladaraq bildirib ki,”biz həmişə Baltik Assambleyasının tribunası arxasında özümüzü çox rahat hiss edirik. Çünki bu zaman bizi başa düşən, bir sıra vacib və həssas məsələlərdə fikirlərimizi bölüşən dostlar arasında olduruq.” Əli Məsimli öz çıxışında İkinci Qarabağ Müharibəsi və onun yaratdığı yeni situasiya və reallıqlara da geniş yer vermiş və bildirmişdir ki:” bildiyiniz kimi, Azərbaycanın çox şərəfli və tarixi qələbəsi ilə başa çatan 44 günlük müharibə yeni reallıqlar yaradıb. Tamamilə aydındır ki, biz təkcə Cənubi Qafqaz bölgəsində deyil, bütün postsovet məkanında keyfiyyətcə yeni bir geosiyasi və iqtisadi gerçəkliyin formalaşmasının şahidi olacağıq…. Mehri dəhlizinin açılması ölkəmizin bütün bölgələrin iqtisadi inkişafı üçün vacib amil olacaqdır.Bu dəmir yoluna TRACECA layihəsi iştirakçıları və Mərkəzi Asiya dövlətləri də maraq göstərə bilərlər. Buna nail olmaq üçün əməkdaşlığın inkişafının təhlükəsizlik tədbirləri ilə tamamlanması çox vacibdir. Azərbaycan- ərazisindən keçən Şimal-Cənub və Qərb-Şərq beynəlxalq dəhlizlərinin inkişafına töhfə verən bilən nəqliyyat mərkəzidir. Naxçıvana dəhliz açıldıqdan sonra bu hissə Qərb-Şərq layihəsinin bir hissəsi olacaq, daşınma məsafəsi qısalacaq,zaman sərfi və daşınma xərcləri azalacaqdır. ”Əli Məsimli əlavə edib ki,”həm də Xəzər, Qara və Baltik dənizlərinin bölgələrini birləşdirən nəqliyyat kommunikasiyalarını da inkişaf etdirmək lazımdır.GUAM nəqliyyat dəhlizinin işləməsi və Avropa və onun Asiya ölkələrini birləşdirən Şərq-Qərb dəhlizinin inkişafındakı potensial rolu böyük əhəmiyyət kəsb edir.” Əli Məsimlinin fikrincə, “Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən genişmiqyaslı nəqliyyat və enerji layihələri onu Şərqlə Qərb arasında mühüm bir körpü rolunu oynayan nəqliyyat mərkəzinə çevirməklə həm bölgənin cəlbediciliyini artırır və həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. Azərbaycan Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyi probleminin həllinə fikirdə, sözdə və işdə böyük töhfə verir və Avropanın etibarlı enerji tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizinin son həlqəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) həmin nəhəng sistemə tamamilə inteqrasiya olunmuş və Avropaya qaz nəqli başlanmışdır. İlkin məlumatlara görə, bu il həmin boru kəməəri ilə qaz nəqli artan xəttlə gedərək 2022-ci ildən etibarən TAP 10 milyard kubmetrə qədər qaz təchizatı səviyyəsinə çatacaq. Qaz kəmərinin ötürmə qabiliyyəti onun tutumunu iki dəfə- ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.Əgər digər potensial mənbələr də bu nəhəng layihəyə qoşulsa,bu da son rəqəm olmayacaq və xeyli aracaqdır.” Əli Məsimli ümidvar olduğunu bildirib ki, “Azərbaycanın fəal və genişmiqyaslı iştirakı ilə GUAM bölgəsində aparılan bütün bu və digər işlər, eyni zamanda GUAM PA ilə Baltik Assambleyası arasındakı uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaqdır.”