Əliabbas Salahzadə: Azərbaycan ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində səylərini daha da artırır

Milli Məclisin deputatı Əliabbas Salahzadə Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan bəhs edərkən bildirib ki, tarixi Qələbəmiz regionda yeni reallıqlar yaradaraq  Azərbaycanın diktə edən tərəf kimi mövqeyini möhkəmləndirməklə yanaşı, dünya siyasətində də mühüm dəyişikliklərə yol açdı: “ İyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında videoformatda çıxışı zamanı dövlət başçısı İlham Əliyev bu fikri xüsusi qeyd etmişdir ki, Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir.

    44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimizlə tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi ifadəsinin işlədilməməsinə, yeni səhifənin açılmasına çağırışlar edən Azərbaycan, həmçinin  ermənilərin hec zaman unudulmayacaq vəhşiliklərindən bəhs edir, Ermənistanın törətdikləri vandalizm aktlarına görə beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı alacağını böyük inamla bəyan edir.”

    Ə.Salahzadə qeyd edib ki,  Azərbaycanın beynəlxalq təşkilatlarda fəal mövqeyi xarici siyasət uğurlarının əsas tərkib hissələrindəndir: “Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunub. Ölkəmiz  10 ildə  Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazanıb. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik ölkəmizə  həvalə edildi. Məqsəd və məramı  sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi olan qurum bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır,  ölkələrin daxili işlərinə qarışmamaq  prinsiplərini öndə saxlayır.  44 günlük Vətən müharibəsində  diqqət çəkən bir məqam Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycana hörmətini, ən əsası ədalətə dəstəklərini nümayiş etdirdi. Belə ki,  BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri-ABŞ, Fransa və Rusiya  1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan, qərəzli bəyanat qəbul etdirmək cəhdləri göstərdilər. Lakin Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü təkid etdi ki, müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının  qətnamələrinə istinad əlavə edilsin. Azərbaycan onların bu mövqeyini ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi dəyərləndirdi. Bu günlərdə  Bakıdakı diplomatik korpus və beynəlxalq təşkilatların nümayənədələrinin Şuşaya səfərinə  ABŞ, Fransa və Rusiya  səfirlərinin qatılmamaları da ölkələrinin ədalət meyarına ikili yanaşmalarına işıq saldı. Onların   ikili siyasətlərinə  necə haqq qazandıracaqlarını  özlərinə həvalə edərək diqqətlərinə çatdıracağımız əsas reallıq budur ki,  Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. İşğalçı dövlət və ona havadarlıq edən dövlətlər bu reallıqlarla barışsalar daha yaxşı olar.”

XALQ.AZ xəbər verir ki, millət vəkili vurğulayıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq  xarici diplomatların və jurnalistlərin azad olunmuş ərazilərə müntəzəm səfərləri təşkil edilir: “Təbii ki, məqsəd  vandalizmin izlərini görmək, təmsil olunduqları ölkələrdə ermənilərin əsl simasını ortaya qoymaqdır. İşğaldan azad edilmiş ərazilərə səfərlərdə iştirak edən dövlətlərin böyük əksəriyyətində erməni diasporu güclüdür. Səfirlər bu səfərləri ilə  Azərbaycan həqiqətlərinə, bu torpaqların sahibinin biz olduğumuza dəstəklərini ifadə edirlər.   ABŞ, Fransa və Rusiya səfirlərinin  səfərdən iştirak etməmələri bir tərəfdən  ikili standartlara əsaslanırsa, digər tərəfdən Azərbaycanın regionda və dünyada artan mövqeyindən narahatlıqlarının ifadəsidir. Onlar Azərbaycanın qısa zamanda bu torpaqlarda yaratdıqları cənnəti görəcəklərindən   narahatlıq hissi keçirirlər. Azərbaycana davamlı uğurlar qazandıran  düşünülmüş və gələcəyə hesablanmış siyasətidir. Dövlətimizin başçısı qeyd etdiyimiz nitqində   “Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək” söyləməklə bir daha  qalib ölkə kimi  Azərbaycanın artan rolunun mənzərəsini yaratdı.”