Əliabbas Salahzadə: Prezident İlham Əliyevin Ermənistana yeni şərti Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməməkdir

Milli Məclisin deputatı Əliabbas Salahzadə

   Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölkəmizdə  müasir ordu quruculuğu prosesində yeni mərhələnin başlanmasından bəhs edərək bildirib ki, tarixi Zəfərimiz Azərbaycanın bu sahədə malik olduğu imkanların, təcrübənin təqdimatında əhəmiyyətli rol oynadı: “Dövlətimizin 30 ilə yaxın dövrdə  dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından səsləndirdiyi “Azərbaycan bir qarış   torpağını belə  düşmənə verməyəcək”. “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz” kimi bəyanatları təbii ki, beynəlxalq hüquqa söykənən  mövqeyimizə, eyni zamanda, iqtisadi imkanlarımız  fonunda ordu quruculuğu sahəsində qazanılan  uğurlara əsaslanırdı. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, yeni səhifə açılıb. Dövlətimizin başçısı İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bir daha işğalçı  dövlətə bu şərti irəli sürdü ki,  Ermənistanın inkişafı üçün  yeganə yolu  öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməməkdir.  Dağlıq Qarabağ adlı ərazi vahidi, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur.  Ermənistan  bunu belə qəbul etməlidir.”

    Ə.Salahzadə vurğulayıb ki,  qeyd olunan görüşdə  Ermənistan üçün itirilmiş 30 ilin təhlili verildi  və işğalçılıq siyasətinin bu ölkənin müstəqil dövlət ola bilməməsində rolu açıqlandı: “Ermənistan bu illər ərzində nə qazandı?  Ölkədə sosial-iqtisadi, siyasi durumun gərginliyi bu illərin aydın mənzərəsini yaradır. Ən əsası Ermənistan uğursuz ölkədir. Onu bu vəziyyətə salan işğalçılıq siyasətidir. Qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan  sonda belə acınacaqlı vəziyyəti yaşayacağını dərk etməmiş deyildi.  Tarixi saxtalaşdırmaqla, beynəlxalq hüququn, ədalətin mövcudluğunu inkar etməklə nəyəsə nail olmaq mümkünsüzdür. Çünki bütün hallarda danışan faktlar olur, dəyərləndirmə isə beynəlxalq hüquq prinsipləri əsasında həyata keçirilir.”

   Millət vəkili qeyd edib ki, Azərbaycan daim irəli baxır: “Dövlətimizin başçısı İlham Əliyev “Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir” çağırışı ilə qarşıdakı dövrün  hədəflərini açıqladı. İkinci Qarabağ müharibəsinin nəticələri və gedişatı düzgün təhlil edilərək hərbi gücümüzü artıracağıq. Ermənistan düşmənçilik siyasətindən əl çəkməsə nəinki hərbi gücünü,  dağılmış, məhv edilmiş ordusunu,  eyni zamanda, iqtisadi  vəziyyətini bərpa edə bilməyəcək.  Ermənistanın 30 ildə  havadarları tərəfindən silahlandırılması, hərbi texnika, silah-sursatla təmin edilməsi  İkinci Qarabağ müharibəsinin gedişi dövründə bir daha təsdiqləndi. Belə ki, Ermənistan silahlı qüvvələrinin məhv edilmiş, yaxud  qənimət kimi götürülmüş hərbi texnikasının, silahların dəyərləndirilməsi əsasında ortaya qoyulan məbləğ kasıb ölkənin iqtisadi imkanları ilə təzad təşkil edir.  Kasıb ölkədə bu qədər vəsait hardandır? Bu silahlar kim tərəfindən verilib? Cənab İlham Əliyev Vətən müharibəsi zamanı xarici mətbuata çoxsaylı müsahibələrində daim bu suallara cavab verilməsini tələb edirdi.”

    Ə.Salahzadə vurğulayıb ki, Ermənistan işğalçılıq siyasəti ucbatından  bütün enerji layihələrindən təcrid olunub: “Ölkə iqtisadi cəhətdən asılı vəziyyətdədir. Bu ölkənin büdcəsi erməni diasporunun ianələri hesabına  formalaşır. Həmin vəsaitlər də daim Ermənistan rəhbərliyi tərəfindən mənimsənilir. İqtisadi cəhətdən asılı olan bir ölkə əhalinin sosial müdafiəsinin gücləndirilməsindən  necə danışa bilər? Koronavirus infeksiyasına qarşı mübarizə  tələblərinə uyğun olaraq  ölkə əhalisi kütləvi tərketmələri reallaşdıra bilməsə də  iqtisadi böhran içərisində çabalayır. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşünün  geniş yer aldığı erməni mətbuatında bu reallıqlar öz əksini tapıb ki,   Azərbaycanın apardığı dövlət siyasəti Ermənistanı nəinki müharibə meydanında, bütün sahələrdə ağır məğlubiyyətə uğradıb.”

     “Ermənistan yeni reallıqlarla barışmalı, işğalçılıq siyasətindən əl çəkib  bölgədə sülhün, təhlükəsizliyin daimiliyinin təmin edilməsi üçün əməkdaşlıq formatlarına qoşulmalıdır. Bu kimi addımlar işğalçı dövlətin yaşadığı  çətinliklərdən xilası olar”, – deyə millət vəkili bildirib.