Əməkdaşlıq körpüsü

 

Böyük Avrasiya coğrafiyasında inteqrasiyanı Azərbaycanın iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Xüsusilə də yeni geosiyasi reallıqlar fonunda ölkəmizin regionda rolu yeni məzmun kəsb etməyə başlayıb.

Respublikamızın Xəzər-Atlantik okeanı akvatoriyası üzrə Qərb istiqamətində və Xəzər-Sakit okean-Hind okeanı akvatoriyası üzrə Asiya istiqamətində əhəmiyyəti getdikcə artır ki, bu da müxtəlif amillərlə şərtlənir.

Azərbaycan yeganə ölkədir ki…

Azərbaycanın coğrafi yerləşməsi elədir ki, ölkəmiz Şərqlə Qərb arasında təbii körpü rolunu oynayır. Tarixən Azərbaycanın ərazisindən müxtəlif istiqamətlərə işlək karvan yolları olub və bu yollarla yüklər daşınıb, insanlar səyahətlərə çıxıblar. Lakin bu gün respublikamızın Avrasiyada önəmi yalnız əlverişli təbii-coğrafi yerləşməsi ilə məhdudlaşmır. Müstəqillik dövründə, xüsusilə də son 19 ildə Prezident İlham Əliyevin səyləri ilə Azərbaycanın böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaratmağa nail olduğu müasir yol-nəqliyyat infrastrukturu respublikamızın Şərqlə Qərb arasında tranzit daşımaları üçün önəmini əhəmiyyətli dərəcədə artırıb. Hazırda ölkəmiz Avrasiyada çox mühüm nəqliyyat-logistika habı qismində çıxış edir. Eyni vaxtda iki beynəlxalq marşrutun – Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi ölkəmizə böyük üstünlüklər qazandırır. Respublikamız hər iki dəhlizin funksionallığının artmasına, tərəfdaşlarla fəaliyyətlərin uzlaşdırılmasına və tariflərin optimallaşdırılmasına, hüquqi bazanın təkmilləşdirilməsinə güclü siyasi iradə göstərir. Təhlükəsizlik mühiti, uzunmüddətli sabitlik, rahat infrastruktur, dəhlizlərin bir-birinə inteqrasiya edilməsi, quru və su yolları ilə daşımaların mümkünlüyü ölkəmizə marağı və inamı artırır. Qeyd edək ki, ayrı-ayrılıqda bəhs olunan dəhlizlərdə 10-dan çox ölkə təmsil olunur. Azərbaycan isə yeganə ölkədir ki, hər iki dəhlizin fəal iştirakçısıdır.

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü

Xəlilov Vahid