Əminə Ağazadə: “Azərbaycan regionun aparıcı siyasi və iqtisadi gücüdür”

“İkinci Qarabağ müharibəsində qazanılan Qələbə Azərbaycanın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin mühüm hadisəsi oldu. Torpaqlarımızın işğaldan azad edilməsi göstərdi ki, ölkə Başçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətən tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün hər bir azərbaycanlı haqlı olaraq Cənubi Qafqazın yalnız lideri deyil, həm də qalib dövlətinin vətəndaşı olmasıyla fəxr edir”.

Bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib. Onun sözlərinə görə, 44 günlük müharibənin ilk günlərindən Azərbaycan Ordusu vətənpərvərlik dastanı yazdı, bütün dünyaya əsl qəhrəmanlığın, vətən uğrunda necə mübarizə aparmağın nümunəsini göstərdi: “Bir-birinin ardınca rayonlarımızın, kənd və şəhərlərimizin alınması ilə ordumuz hansı qüdrətə, hansı əzmə malik olduğunu birbaşa döyüş meydanlarında göstərdi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə qarşılandı. Uğurla həyata keçirilən hərbi əməliyyatlar isə ilk növbədə Azərbaycan Silahlı Qüvvələrinin gücü ilə bağlı deyilənlərin əyani təsdiqi oldu. Respublikamıza rəhbərliyinin ilk günlərindən ordunun döyüş qabiliyyətinin artırılması, ən müasir hərbi texnikanın alınması Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən idi. Bu məqsədlə aparıcı hərbi sənaye kompleksi olan ölkələrlə sıx əməkdaşlıq əlaqələri yaradıldı. Xüsusən ən müasir döyüşlərin aparılmasına imkan verən hərbi texnikalar alındı və hərbi təlimlərdə sınaqdan çıxarıldı. Bir sözlə, Ermənistan oz ordusu ətrafında mif yaradanda, danışıqlar prosesini imitasiya edəndə Azərbaycan ordu quruculuğunu zamanın yeni reallıqları əsasında həyata keçirdi və elə bir səviyyəyə çatdırdı ki, işğal olunmuş ərazilərdəki möhkəmləndirilmiş istehkamlar da onun qarşısında aciz qaldı. Azərbaycan Ordusu bu qələbə ilə sübut etdi ki, Ermənistanın silahlı qüvvələrinin məğlubedilməzliyi ilə bağlı iddiaları mifdən başqa bir şey deyilmiş. Müharibədən sonra hətta güclü ordusu olan dövlətlər Azərbaycanın döyüş meydanında yaratdığı nümunəni, təcrübəsini öyrənməyə çalışırlar”.

Ə.Ağazadə qeyd edib ki, hazırda nəiniki müharibənin davam etdiyi 44 gün ərzində, ümumiyyətlə, ötən 30 ildə yalanlarla idarə olunan bu işğalçı dövlət tarixinin ən acınacaqlı, ən utancverici dövrünü yaşayır: “Bütün Ermənistan vətəndaşları işğal siyasətinin qurbanına çevriliblər və üzləşdikləri əzaba və rüsvayçılığa boyun əyməkdən başqa yolları qalmayıb. Xəstə erməni təfəkkürünün, özgə torpaqlarına göz dikməyin sonu başqa cür ola da bilməzdi.İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, diktə edir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan Prezident İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir”.