Əminə Ağazadə: “Azərbaycanın regionda yeni reallıq yaradıb”

Enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin struktur elementlərindən biri olaraq həlledici yerə və rola malikdir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

Millət vəkili bildirib ki, Avropa dəyərlərinə inteqrasiyanı əsas inkişaf siyasətlərindən biri kimi müəyyən etmiş Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin mərkəzi subyekti, beynəlxalq nəqliyyat, enerji və logistika qovşağıdır: “Gürcüstanın Supsa limanına qədər inşa edilən ilk kəmər Xəzər dənizi ilə Qara dənizi, ardınca realizə olunan Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) Aralıq dənizini birləşdirdi və nəhayət, daha sonra həmin marşrut boyu qaz kəməri inşa edildi. BTC sayəsində Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. Daşıma gücü on milyon tonlarla ölçülən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi isə Çindən Avropaya daşınma müddətini 30-35 gündən iki həftəyə qədər azaldır və Mərkəzi Asiyanın Avropa bazarına çıxış imkanını təmin edir”.

Ə.Ağazadə qeyd edib ki, Avropanın enerji təhlükəsizliyinə xidmət edən meqalayihələrin implementasiyasını təmin etməklə Azərbaycanın regionun enerji xəritəsini dəyişmişdir. Avropaya Xəzərin təbii qaz ehtiyatlarına çıxış təmin edən və 31 milyard kubmetrlik potensial daşıma gücü olan “Cənub Qaz Dəhlizi” Avropanın çoxdandır çalışdığı enerji kanallarının diversifikasiyası siyasətinə dəstək vermişdir. İtaliya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya, Albaniya və Serbiya kimi Avropa ölkələrini əhatə edən və ümumi kapital qoyuluşu 40 milyard ABŞ dolları olan 4 hissəli bu layihəyə qədər də Avropanın enerji təhlükəsizliyini təmin etmək məqsədilə fərqli platformalarda müxtəlif layihə təklifləri olmuş, ciddi investorlar bu məsələyə qoşulmuşdur: “Cənub qaz dəhlizi”nin tam sistem kimi işə başlaması tarixi hadisədir. Yeri gəlmişkən, onu da qeyd edim ki, Azərbaycan “Cənub qaz dəhlizi”nin dörd seqmentinin hamısında iştirak edib və layihəyə bütövlükdə 10 milyard dollar həcmində vəsait xərcləyib. Məhz, bu il Azərbaycandan Gürcüstana təxminən 1 milyard kubmetr, Türkiyəyə ən azı 8 milyard kubmetr, Avropaya 5 milyard kubmetrdən çox təbii qazın ixrac edilməsi gözlənilir. Artıq “Şahdəniz” yatağından da 137 milyard kubmetrlik qaz hasil edilib ki, bu, əslində, Cənub Qaz Dəhlizinin əsas mənbəyidir. 2022-ci ildən etibarən isə TANAP vasitəsilə 16 milyard kubmetr təbii qazın daşınması həyata keçiriləcək. Beləliklə, TANAP-ın 2022-ci ildən sonra hər il 1,5 milyard dollar gəlir gətirəcəyi proqnozlaşdırılır ki, Azərbaycanın bu layihədən gəliri 870 milyon dollar dəyərində olacaq. Cənub Qaz Dəhlizi layihəsi elə dizayn olunub ki, gələcəkdə onun ötürmə qabiliyyətinin artırılması mümkündür”.

Deputat onu da bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin formalaşdırıldığı bütün seqmentlərdə əsas payçılardan biridir, eyni zamanda, bu layihənin əsas təməlini meydana gətirən TANAP layihəsində ən çox paya sahib olan ölkədir: “Bu da ona əsas verir ki, Azərbaycan hasil etdiyi təbii qazını özünün boru kəmərləri vasitəsilə daşıyaraq bu istiqamətdə əlavə dəyərini artıracaq, iqtisadi dividendlər əldə edəcək. Bununla da, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə olacaq”.