Əminə Ağazadə şəhid Cəmil Həşimlinin anım tədbirində iştirak edib

Azərbaycanın Vətən savaşında bütün xalqımız kimi, Kürdəmir oğulları da ilk gündən cəbhəyə yollanaraq torpaqlarımızın azad edilməsində ön sıralarda oldular. Yüzlərlə Kürdəmir gənci bu döyüşlərdə qəhrəmanlıq göstərərək adlarını vətən tarixinə qızıl hərflərlə yazdılar.

Torpaq, uğrunda ölən varsa, vətəndir, deyiblər. Vətən müharibəsində Kürdəmir torpağı 35 övladını qurban verdi. Onlarin müqəddəs xatirəsi bu gün hər birimizin üçün əzizdir.

Rayon mərkəzindəki Şəhidlər Xiyabanında şəhid Cəmil Həşimlinin anım mərasimi keçirilib. Tədbirdə iştirak edən Milli Məclisin deputatı Əminə xanım Ağazadə şəhid analarına başsağlığı verib, şəhid məzarlarının üzərinə gül dəstələri qoyub. Görüşdə millət vəkili şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramla yad edilməsini hər birimiz üçün vicdan məsələsi olduğunu vurğulayıb. Şəhidlərimizin ailə üzvləri ilə söhbət edərkən Əminə xanım onların problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərin həllində yaxından iştirak ediləcəyinə əminliyini bildirib.

Rayon ziyalılarının, Vətən müharibəsi qazilərin iştirak etdiyi tədbirdə millət vəkili vətəndaşların suallarını cavablandırıb, onlarla xatirə şəkilləri çəkdirib.