Ər-arvad davası təyyarəni geri qaytardı

TEYARE

İstanbuldan Kilimancaroya uçan təyyarə ər-arvadın dava-dalaşına görə geri qayıtmağa məcbur olub.

XALQ.AZ xəbər verir ki, “Türk Hava Yolları”na məxsus təyyarə 151 sərnişinlə yerli vaxtla saat 19:30-da Atatürk Hava Limanından havaya qalxıb. Təyyarə Qahirə şəhəri üzərində olarkən sərnişinlərdən Anton Cestnik və həyat yoldaşı Klaudiya Cestnik naməlum səbəbdən dalaşmağa başlayıblar.

Sərnişinlər dalaşan ər-arvadla bağlı ekipaj üzvlərinə məlumat versələr də, təyyarədə səs-küy salan sərnişinləri sakitləşdirmək mümkün olmayıb.

Bunu görən pilot Atatürk Hava Limanına dönməklə bağlı qərar qəbul edib. THY-yə məxsus təyyarə İstanbul vaxtı ilə saat 00:01-də yerə enib. Təyyarəyə daxil olan polis əməkdaşları dava-dalaş salan sərnişinləri polis bölməsinə aparıblar.

Məlum hadisədən sonra təyyarə 149 sərnişinlə Kilimancaroya səfərini saat 03:31-də davam etdirib.