Ərdoğan: “Azərbaycan dastan yazmağa davam edəcək”

İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dastan yazmağa davam edəcək”.

XALQ.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında deyib.

R.Ərdoğan bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq:

“Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər Əliyevin “iki millət, tək dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik.

Bu zəfər günündə sizinlə bərabər olmaqdan böyük fəxr duyuruq. Əziz qardaşım İlham Əliyevə dəvəti və qonaqpərvərliyi üçün təşəkkürümü bildirirəm. 44 günlük müharibədə şəhidlərə rəhmət, qazilərə şəfa diləyirəm.

Azərbaycanın həm hərbi, həm diplomatiya meydanında əldə etdiyi bu uğurda ən böyük pay sahiblərindən biri əziz qardaşım İlham Əliyevə məxsusdur. İnşallah, Azərbaycan dastan yazmağa davam edəcək. Türkiyə Azərbaycanın apardığı mübarizəyə əvvəlcədən bütün qurum və təşkilatları ilə dəstək verib, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olub. Qarabağı 30 il boyunca sinəmizə yara etdik. Bu yaranın sağalmasının sevincini bölüşmək, bu şanlı Zəfəri birlikdə qeyd etmək üçün sizlərləyik”.

Türkiyə Prezidenti Azərbaycanın düşmənlərinə də mesaj verib:


“Qarabağa qətliam və göz yaşından başqa heç bir şey gətirməyənlər artıq ağıllarını başlarına yığmalıdırlar. Erməni siyasətçilərin sülh və sabitliklə bağlı cəsur addımlar atmaqlarını təmənni edirik. Qardaşım İlham Əliyev Azərbaycan xalqının yaşadığı bu qədər ağrı-acıya baxmayaraq, təqdir ediləsi davranış nümayiş etdirir. Onun xoş niyyətli səylərini biz də dəstəkləyir, həmsöhbətləri tərəfindən dəyərləndirilməsini istəyirik. Şəhidlərimizin fədakarlıqları sayəsində Azərbaycan ərazi bütövlüyünü yenidən bərpa etdi. Azərbaycan Tərtər çayının suyuna qovuşdu. Laçın, Suşa, Kəlbəcər artıq azaddır. Rəbbimə bizlərə bu günləri yaşatdığına görə sonsuz təşəkkür edirəm. Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəni ilə qucaqlaşıb, 30 illik həsrət sona çatıb. Türkiyə və Azərbaycan çiyin-çiyinə verdiyi müddətdə Allahın izni ilə uğurdan-uğura addımlamağa davam edəcək”.