“Əsas məqsəd torpaqlarımızı işğaldan azad etməkdir” – Deputat

Son günlər mətbuatda yayılan mövzulardan biri Erməni ailələrinin Livandan Qarabağa köçürülməsi ilə bağlıdır. Çox təəssüf ki, bu Ermənistan tərəfinin işğal olunmuş ərazilərə qanunsuz məskunlaşma məsələsində ilk cəhdi deyil.

Bu fikirləri XALQ.AZ açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai bildirib.

O deyib ki, Ermənistan hər bir yolla Azərbaycan torpaqlarının işğalının nəticələrini möhkəmləndirməyə çalışır. Ermənistanın apardığı, Erməni əsilli ailələrin işğal olunmuş ərazilərə köçürülməsi, Ermənistandan Dağlıq Qarabağa yeni bir yolun çəkilməsi kimi fəaliyyəti beynəlxalq hüququn kobud pozulmasıdır. Qeyd olunmalıdır ki, Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb.

Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının nəticələrini birbaşa və ya dolayı yolla möhkəmləndirməyə xidmət göstərən hər hansı bir fəaliyyət, layihə və ya təşəbbüs beynəlxalq hüquqa görə təcavüz aktının davamıdır. Bu beynəlxalq cinayətdir!

Xarici İşlər Nazirliyi, diplomatlarımız bu məsələni bütün beynəlxalq platformalarda gündəmə gətirmək üçün son dərəcə aktiv olmalıdırlar.

Eyni zamanda, biz, Milli Məclisin deputatları, Xarici İşlər Nazirliyinin fəaliyyətini dəstəkləməli və beynəlxalq təşkilatlara müraciət edərək Ermənistanın qanunsuz fəaliyyəti və işğal olunmuş ərazilərdə süni məskunlaşma cəhdlərinin dayandırılmasını tələb etməliyik. Hazırda bu istiqamətdə iş aparırıq və yaxın günlərdə bir çox beynəlxalq təşkilatın qarşısında bu mövzunu qaldıracayıq.

“Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri və Azərbaycan və Ermənistan üzrə daimi məruzəçilərinin 10 iyun 2020-ci il tarixində qəbul etdiyi bəyanatı xatırlatmaq istəyirəm. Sözügedən bəyanat Dağlıq Qarabağın və onun ətrafında olan ərazilərin Ermənistan tərəfindən qeyri-qanuni işğalından bəhs edir və Ermənistandan Dağlıq Qarabağa yeni bir yolun çəkilməsini qarşılıqlı inama, sülhə və barışığa əngəl yaradacaq bir addım kimi qiymətləndirir.

Qeyri-qanuni məskunlaşma məsələsində də oxşar bəyanatlara nail olmaq yaxın gələcək üçün məqsədimiz olmalıdır. Əsas məqsəd isə dəyişmir – torpaqlarımızı işğaldan azad etməkdir. Vətən bölünməz!

Mən fürsətdən istifadə edərək, həmkarlarımı, diplomatlarımızı, diasporu, əlaqədar dövlət orqanlarını və bütövlükdə ölkəmizin fəal ictimaiyyətini bu məsələdə aktiv olmalarını xahiş edirəm. Əsla mövcud vəziyyətlə barışmamalıyıq”, deyə deputat bildirib.