“Əsas məsələ beynəlxalq səylərin reallıqda öz əksini tapmasıdır” – Deputat

Tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu reallıqlar sırasında torpaqlarımızın işğal yox, Zəfər günlərinin qeyd edilməsi xüsusi yer tutur. Bu, dövlətimizin qətiyyətinin, rəşadətli Ordumuzun gücünün, xalqımızın dəmir yumruq kimi birliyinin nəticəsi oldu. Qırx dörd günlük İkinci Qarabağ müharibəsinin hər günü Zəfər günümüzdür. Bu tarixləri qeyd etməklə yanaşı, mənfur düşmənin 30 illik işğal dövründə başımıza gətirdikləri faciələri, törətdikləri təxribatları da daim xatırlayır, onları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün səylərimizi daha da artırırıq. Faciələrimiz tariximizin səhifələri kimi daim vərəqlənməli və unudulmamalıdır. Bu baxımdan son üç ilə yaxın dövrdə digər işğaldan azad edilmiş torpaqlarımız kimi, Laçın rayonunda da aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs etsək daim xatırlanan, erməni vəhşiliyinin təcəssümü olan bir tarix də unudulmur: 1992-ci il 18 may. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 1992-ci il mayın 18-də işğal olunmuşdu. 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal etdi. Laçın 28 il erməni vəhşiliklərinin şahidinə çevrilsə də bu ümid heç zaman itmədi. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti sayəsində gec-tez ədalət zəfər çalacaq, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Artıq üç ilə yaxındır ki, bu sevinci yaşayırıq. Digər işğaldan azad edilmiş ərazilərimizlə bərabər Laçın da cənnət məkana çevrilir. İşğaldan azad edilmiş ərazilərimiz üçün nəzərdə tutulan 3 beynəlxalq hava limanından birinin məhz bu rayonun ərazisində tikilməsi rayonun iqtisadi və strateji əhəmiyyətini göstərir.

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

O qeyd edib ki, Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq Laçın rayonu bu il sakinlərini qarşılayacaq. Böyük Qayıdışın reallığa çevrilməsi ilə Laçın rayonunun da həyatında yeni bir mərhələ başlayacaq. Hər bir rayonun malik olduğu potensialdan səmərəli istifadə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.

Eyni zamanda, diqqəti mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə ölkə Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə keçirilən üçtərəfli görüşünə və əldə edilən nəticələrə yönəldən deputat deyib: “Bu günədək Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair keçirilən görüşlərin hər biri ölkəmizin diplomatik uğurlarının davamlılığını təmin edir. Hər bir görüşdə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinə dəstəyi nümayiş etdirən qərarlar qəbul olunub. Yenidən bərpa edilən Brüssel görüşü də ölkəmizə dəstəyi ifadə edən məqamlarla yadda qaldı. Belə ki, tərəflər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Sərhəd məsələlərində irəliləyiş və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar müzakirə edildi. Liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər, eyni zamanda, 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə, Ermənistanın 29,8 min kvadratkilometr və Azərbaycanın 86,6 min kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşlə bağlı mətbuata açıqlamasında bildirdi ki, Brüssel görüşlərini mümkün qədər tez-tez keçirmək barədə razılığa gəlindi. Liderlər növbəti dəfə Brüsseldə iyul ayında görüşəcəklər. Azərbaycanın Xarici İşlər Nazirliyinin görüşlə bağlı bəyanatında da Azərbaycan ilə Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət olunması əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğu vurğulandı”.

Əliabbas Salahzadə qeyd edib ki, Azərbaycan dövləti Ermənistanla münasibətlərimizin normallaşdırılmasına dəstək verən səyləri alqışlayır, beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğunu bildirir. Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin qısa zamanda imzalanmasını bir tələb kimi qarşıya qoyur. Əsas məsələ beynəlxalq səylərin reallıqda öz əksini tapmasıdır. Bunun üçün Ermənistana dəstək dayandırılmalı, sülh müqaviləsinin imzalamasına məcbur edilməlidir. Əksər dünya gücləri bu addımı atmaqla, eyni zamanda, etimad mühitinin formalaşmasına öz töhfələrini verərlər.