Əsgərlər and içdi

 

05.03.2017-cı il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin təntənəli hərbi andiçmə mərasimi keçirilib. XALQ.AZ-ın  məlumatına görə, Mühafizə alayının komandiri vəzifəsini icra edən, ədliyyə polkovnik-leytenantı İlqar Müseyibov mərasimi giriş sözü ilə açaraq şəxsi heyəti və qonaqları salamlayıb.

Dövlət himni səsləndirildikdən sonra dövlət bayrağı hərbi marşın sədaları altında təntənəli surətdə meydanın mərkəzinə gətirilib, 159 nəfər gənc əsgər vətənə, xalqa və dövlətə sədaqət andı içib.

Tədbirdə iştirak etmiş Penitensiar xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov təbrik nitqi ilə çıxış edərək gənc əsgərlərə Vətənə şərəf və ləyaqətlə xidmət etməyi, komandirlərin əmr və tapşırıqlarını sözsüz yerinə yetirməyi, hər an əldə silah ölkəmizin müdafiəsinə qalxmağa hazır olmağı tövsiyə edib.

Çıxış edən əsgər və valideynlər yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Gənc əsgərlər nizam-intizamlı olacaqlarını, xidmətdə yalnız uğur qazanacaqlarını, Vətənin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda Ali Baş Komandanın bircə əmri ilə canlarından belə keçməyə hazır olduqlarını bildiriblər.

Tədbir şəxsi heyətin hərbi marşın sədaları altında təntənəli keçidi ilə davam etmiş, mühafizə alayının xüsusi təyinatlı dəstəsi fiziki və döyüş hazırlığını, peşəkarlığını qonaqlar qarşısında nümunəvi çıxışlarla nümayiş etdirib.