Əsir saxlanılan hərbçimizin anası həkim kobudluğu ilə üzləşdi — İDDİA

Azərbaycan ordusunun əsir düşən əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Mərkəzi Neftçilər Xəstəxanasında həkim kobudluğu ilə qarşılaşdığını iddia edib.

Hadisə ilə bağlı  D.Bəbirova bildirib ki, sözügedən xəstəxananın nevrologiya şöbəsinin həkimi İradə Əhmədova ona və qızına qarşı kobud rəftar edib.

“Xəstə adamıq. Oğluma görə də 4 aydır ölüb, ölümdən dönürəm. Aqşindən bir yaş böyük qızım var. O da panik atak olub. Tez-tez gecələr saat 2-3 radələrində təcili yardım çağırıram. Təxminən bir həftə əvvəl getdik Mərkəzi Neftçilər Xəstəxanasına. Bizi nevrologiya şöbəsinin həkimi İradə Əhmədovaya yönləndirdilər. Qeydiyyata alanda dedilər ki, həkimin vaxtı bitib, bilmirik, qəbul edəcək ya yox”.

D.Bəbirova deyir ki, əsir hərbçi anası olduğunu dediyi halda həkim onları qəbul etməyib.

“Bizdən əvvəl bir xəstə çıxdı, ardınca biz daxil olduq. Aqressiv şəkildə dedi ki, sizə nə lazımdır. Dedim ki, həkim, yolumuz uzaqdır, hər dəfə taksiylə gedib gələ bilmirəm. Əli ilə işarə etdi ki, gedin başqa həkimə. Bu dəfə dedim ki, oğlum əsir düşüb, evimə tez-tez gələnlər olur, xəstəxanaya qayıda bilməyəcəyəm. Qəbul etmədi. Ayağa qalxdı, məcbur çıxmalı olduq. Yarım saat həkimi gözlədik, otaqdan çıxmadı. Heç üzr də istəmədi.

Sonra baş həkim məni başqa həkimə yönləndirdi, İ.Əhmədovanın əvəzinə üzrxahlıq etdi. Sağ olsun, biganə yanaşmadı”.

Hadisə ilə bağlı dəfələrlə Mərkəzi Neftçilər Xəstəxanası ilə əlaqə saxlasaq da ətraflı məlumat ala bilmədik.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu 2023-cü il aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.