Əsl milli hakimiyyət Heydər Əliyevlə, Milli Qurtuluşla gəldi

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağda separatizm geniş vüsət almışdı. Mafioz qruplarda birləşmiş hakimiyyət hərisləri isə özlərinin şəxsi maraqlarına xidmət edən fəaliyyətlə məşğul idilər. AXC-Müsavat cütlüyü xalqa xəyanət yolu tutmuşdu. 1992-ci ilin yaz aylarından başlanan daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına və Qarabağ savaşında ermənilərin üstünlüyü ələ almasına gətirib çıxarmışdı. Bir-birinin ardınca strateji cəhətdən ən əhəmiyyətli ərazilərin itirilməsi ilə müşayiət olunan bu olaylar daha çox AXC-Müsavat cütlüyünün Azərbaycan dövlətinə qarşı satqın və xəyanətkar mövqeyi ilə əlaqəli idi.

1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə davam edən qiyamın və qardaş qırğınının qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün xalqın gələcəyə ümidi yarandı. Belə ki, böhrandan, xaosdan, vətəndaş müharibəsindən, səfalətdən qurtulacağına inamı artdı. Ona görə də həmin tarix Milli Qurtuluş Günü kimi tarixə düşdü.

1993-cü ilin dekabr ayında Heydər Əliyev bütün daxili çəkişmələri kənara qoyub torpaqları azad etmək naminə Azərbaycan hərbçilərini səfərbər olmağa çağırdı. Azərbaycan Ordusunun həmin günlərdə başlayan hücum əməliyyatları 1994-cü ilin yanvarında Füzuli rayonunun bir hissəsinin, Horadizin azad olunması ilə başa çatdı. Heydər Əliyev, ilk növbədə, Azərbaycanı gücləndirməyi, iqtisadiyyatı bərpa etməyi, ordu quruculuğu istiqamətində işə başlamağı qarşıya məqsəd qoydu.  Heydər Əliyev ölkəmizi tarixin sınaqlarından üzüağ çıxarmağı bacardı. Ölkədə ictimai siyasi sabitlik ümumən bərqərar olmağa başladı. 1995-ci il noyabrın 12-də bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunduqdan sonra dinc quruculuq işləri yeni keyfiyyətdə davam etdirilməyə başlandı.

Zaman keçdikcə Qurtuluş Gününün əhəmiyyətini daha yaxşı dərk edirik. Azərbaycanın qurtuluşu Heydər Əliyevlə bağlıdır. Milli Qurtuluş Günü Azərbaycanda milli hakimiyyətin bərqərar olduğu gündür. Heydər Əliyevə qədər Azərbaycanda hakimiyyətdə olmuş qüvvələrin heç biri milli qüvvələr olmayıb. Əsl milli hakimiyyət Heydər Əliyevlə, Milli Qurtuluşla gəldi. Azərbaycan xalqı xəyanətkarlardan qurtularaq ümid etdiyi, arzuladığı, inandığı, güvəndiyi Liderinə qovuşdu.

Azərbaycan xalqı hər zaman əmin idi ki, məhz Heydər Əliyev siyasətinin davam etdirilməsi ilə torpaqlarımız işğaldan azad edilə və ərazi bütövlüyümüz bərpa oluna bilər. Belə də oldu. Azərbaycan tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanda yaşayan bütün xalqlar dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Vətən müharibəsində iştirak etdilər. Bu, Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin məntiqi nəticəsidir. Dağlıq Qarabağ münaqişəsi Ali Baş Komandanın uğurlu siyasəti, qətiyyəti, liderliyi, ordumuzun böyük qəhrəmanlığı ilə həll olundu.

Azərbaycan xalqının ən böyük nailiyyəti müstəqil siyasət həyata keçirən güclü dövlətidir. Çox az xalqlar belə dövlət qura biliblər. Azərbaycan dövləti də həmin dövlətlərin sırasındadır. Bunun səbəbi Ulu Öndərin əsasını qoyduğu siyasətin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.

Əli HÜSEYNLİ,

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini