Əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara biləsən

 Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra AXC – Müsavat rəhbərliyinin qətiyyətsizliyi sayəsində ölkədə xaos, hərc-mərclik, özbaşınalıq, anarxiya hökm sürürdü. Ölkəmiz xırda xanlıqlara bölünmək ərəfəsində idi, vətəndaş qarşıdurması baş vermişdi. Belə bir şəraitdə Azərbaycanda müdrik, idarəetmədə zəngin təcrübəsi olan, xalqı arxasınca aparmağa qadir bir şəxsiyyətə böyük ehtiyac yaranmışdı. Azərbaycan nəinki müstəqilliyini qoruyub saxlamaq, hətta varlığını belə itirmək təhlükəsində idi.

Belə bir vaxtda artıq Heydər Əliyevin xilaskar və nicat obrazı yeganə ümid mənbəyi kimi ictimai şüuru fəth etdi. Müdrik şəxsiyyətin nüfuzu qarşısında öz niyyət və planlarının puç ola biləcəyini dərk edən Azərbaycanın xarici düşmənləri və daxili bədxahları nəyin bahasına olursa-olsun onu Azərbaycanın siyasi hakimiyyətinə qoymamaq üçün xalqla onun arasında keçilməz sədlər qurmağa çalışırdılar. Lakin xalqımızın böyük oğlunun qüdrətli dühası, polad iradəsi, xalqına, Vətəninə və millətinə olan sonsuz məhəbbəti, istəyi bu sədləri, maneələri qırdı.

Xalqın təkidli tələbini və xahişini qəbul edən ulu öndər ömrünün qalan hissəsini Azərbaycanın müstəqilliyinin qorunmasına, beynəlxalq aləmdə tanınmasına, insanların xoşbəxt və firavan yaşamalarına həsr etməyə razılıq verdi. Böyük şəxsiyyətin hakimiyyətə qayıdışını yalnız xalq tələb etmirdi. İxtilafları ilə ölkəni uçurumun qarşısında qoyan bütün siyasi qüvvələr, ölkəni anarxiyaya, özbaşınalığa, xaosa aparan, qardaşı qardaşla üz-üzə qoyan o vaxtkı hakimiyyət də bu müdrik, dahi insanın, idarəetmədə zəngin təcrübəsi olan qüdrətli şəxsiyyətin ölkəyə rəhbərliyə gəlişini yeganə nicat yolu kimi dəyərləndirirdilər.

Ümummilli lider böyük Vətən, xalq, millət sevgisi nümayiş etdirərək yenidən hakimiyyətə qayıtdı və 13 il ərzində qurduğu dövlətin 1983-cü ildən 1993-cü ilə qədər davamlı şəkildə dağıdılması prosesinin qarşısını aldı, xalqın ondan gözlədiyi işləri reallaşdırdı, ictimai-siyasi sabitlik yaratdı, tənəzzülə uğrayan iqtisadiyyatı tədricən dirçəltdi.

Heydər Əliyev siyasi məktəbi zəngin bir xəzinədir. Məhz bu siyasət Azərbaycanı dünya miqyasında tanıdır, daim irəliyə doğru aparır, xalqın həyat səviyyəsini getdikcə yüksəldir. Sevinirik ki, bu gün müstəqil dövlətimizə rəhbərlik məhz bu siyasi məktəbin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevə etibar edilib. Əlbəttə, bu, xalqın seçimi, etibarı, inamıdır. Möhtərəm Prezidentimiz ümummilli liderin müəllifi olduğu neft strategiyasının dönməz və ardıcıl həyata keçirilməsində, Azərbaycanın Avropaya və dünya birliyinə uğurlu inteqrasiyasında, müstəqil dövlətimizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsində, torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın təcavüzkar dövlət kimi tanınmasında bütün bilik və bacarığından istifadə edib.

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.

O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.

 

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.

 

Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.

 

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

 

 

 

Mübariz Hüseyinli

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü