“13-cü maaş” nədir?

“”13-cü maaş” – ilin sonunda işçilərə pul şəklində ödənilən həvəsləndirici mükafatdır. Məqsəd – işçlərin məhsuldarlığının və effektivliyinin artırılmasıdır”. Bu sözləri Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, “13-cü maaş” anlayışı hələ sovet vaxtlarında yaranmışdır: “Əslində bu cür mükafatları ilin nəticələrinə görə mükafat adlandırmaq olar. Lakin, sovet vaxtlarında xalq arasında bu mükafata “13-cü maaş” deyilirdi, çünki hər ilin sonunda işçilərə orta aylıq əmək haqqı məbləğində mükafat verilirdi.

Əmək Məcəlləsində, nə də başqa normativ-hüquqi aktlarda bu cür mükafatların verilməsi barədə heç bir məlumat yoxdur. Ancaq Əmək Məcəlləsinin 185-ci maddəsinə görə Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən:
– pul və ya qiymətli əşyalar hədiyyə edilməklə;
– əlavə məzuniyyət verilməklə;
– əmək haqqına fərdi əlavə edilməklə;
– daha yüksək məbləğdə fərdi sığorta edilməklə;
– sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə;

– müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.

Belə nəticəyə gəlmək olar ki, “13-cü maaşın” verilməsi müəssisə rəhbərliyinin istəyindən asılıdır. Müəssisə “13-cü maaşı” öz istəyi ilə hansı işçiyə istəsə verə bilər. Bir çox hallarda bu mükafatın verilməsi, işçilərin şəxsi nəticələrindən asılı olmayaraq, müəssisənin ilin sonuna olan maliyyə nəticələrindən və imkanlarından asılı olur. Əgər ilin sonuna müəssisə zərər ilə işləyibsə, əlavə mükafatlar verilmir.

Müəssisə və işçilər ilə bağlanılan əmək müqavilələrində, kollektiv müqavilələrdə “ilin sonuna mükafatlandırma” barədə bənd varsa, bu zaman, vəziyyət başqa cür ola bilər. Müəssisə bu zaman “13-cü maaşı” verə bilər. Çünkü bu barədə əmək müqaviləsində qeyd var və müəssisə öhdəlik götürüb ki, ilin sonunda müəssisənin nəticələrindən asılı olaraq işçilər mükafatlandırılacaqlar. Əgər ilin nəticələrinə görə işçilər mükafat almalıdılarsa, lakin müəssisə bu mükafatı ödəmirsə, o zaman, işçi məhkəməyə müraciət edərək öz hüquqlarını bərpa edə bilər”.