15 iyun müqəddəs tarixdir

15 iyun tarixi Azərbaycan xalqı, dövləti üçün unudulmaz, müqəddəs gündür. Ali məqsədlərə önəm vermək, insanların azadlığını, xoşbəxtliyini, gələcəyini təmin etmək, onlarda ümid, inam yaratmaq müqəddəslikdir. Bu baxımdan 15 iyun tarixi Azərbaycanın ən unudulmaz müqəddəs günlərindən biridir.

Azərbaycan xalqı iki dəfə özünün ali məqsədinə, arzusuna çatdı.  1918-ci ildə xalq öz müstəqilliyini əldə etdi, ancaq onu qoruyub saxlamaq mümkün olmadı. 1991-ci ildə yenidən öz müstəqilliyimizi bərpa etdik və yeni bir dövrün başlanğıcına qədəm qoyduq. Ancaq bu müstəqilliyi əldə edəndən sonra çox ciddi çətinliklərlə, problemlərlə qarşılaşdıq. Xarici müdaxilə, daxildə olan qüvvələrin qarşıdurması, xaos, özbaşınalıq ölkəni vətəndaş müharibəsi səviyyəsinə gətirib çıxarmışdı. Dövlət müstəqilliyimiz əldən gedirdi. AXC-Müsavat cütlüyü ölkəni idarə edə bilmirdi. Torpaqlar qarış-qarış, kənd-kənd, şəhər-şəhər ermənilər tərəfindən işğal olunurdu. Heç bir təşəbbüs, heç bir təşkilatçılıq görünmürdü və demək olar ki, insanlar ümidsiz bir halda yaşayırdılar. Gələcəyə inam itmişdi. Bu vəziyyətdən istifadə edən istər xaricdəki, istərsə də daxildəki qüvvələr ölkəni talan edirdilər, viran qoyurdular.

Məhz belə bir vaxtda insanlar inandıqları, etibar etdikləri, fəaliyyəti ilə yaxından tanış olduqları Heydər Əliyevə müraciət etdilər. Ümummilli Liderin 1993-cü il 15 iyun tarixində hakimiyyətə gəlişi ilə Azərbaycan xalqı çox ağır bəlalardan, müstəqilliyin əldən getməsindən, faciələrdən, torpaqların daha geniş miqyasda zəbt olunmasından xilas oldu. Ona görə də bu gün xalqımız keçmişə nəzər salarkən, həmin günlərin acılarını heç zaman unutmurlar. Qurtuluş tarixi olmasaydı, biz bugünkü qələbələrdən, yüksək göstəricilərdən, beynəlxalq aləmdə qazandığımız nailiyyətlərdən danışa bilməzdik. Məhz həmin günün təntənəsi bu qələbələr üçün zəmin hazırladı, möhkəm bünövrə oldu.       

Bu gün Azərbaycan dünyanın ən inkişaf edən ölkələrindən biridir. Artıq Azərbaycan beynəlxalq aləmdə tanınan bir ölkədir. Bu gün Azərbaycan düşmən üzərində tarixi qələbə qazanan, zəfər əldə edən, qalib bir ölkədir. Əlbəttə ki, bu qalibiyyət, bu zəfər, bu nailiyyətlər Ulu Öndərin adı ilə bağlıdır, onun təməlini qoyduğu, həyata keçirdiyi proqramların, o möhtəşəm layihələrin nəticəsidir. Bu siyasəti Prezident İlham Əliyev uğurla həyata keçirir, ata vəsiyyətlərinə dönmədən əməl edir.

Cənab Prezident Ulu Öndərin ən müqəddəs arzusunu həyata keçirdi və düşmən üzərində tarixi qələbə qazandı. Ulu Öndərin ən böyük arzusu  Qarabağı azad etmək, Şuşaya getmək,  işğal altında olan torpaqları düşməndən qurtarmaq idi. Cənab Prezident bunu yerinə yetirdi. Ona görə də bu ilin Qurtuluş Günü bizim üçün daha əzizdir, daha uğurludur, daha möhtəşəmdir. Çünki biz 30 ildən sonra ilk dəfə olaraq, dövlətimizin ərazisini bütöv görürük və Qurtuluş Gününü zəfər qazanan bir ölkənin, qalib dövlətin vətəndaşları kimi qeyd edirik. Nə qədər ki, Azərbaycan var, nə qədər ki, Azərbaycan xalqı var Ümummilli Lider Heydər Əliyev də bizimlə yaşayır, onun ideyaları qalib gəlir və Qurtuluş Günü özünün müqəddəsliyini, möhtəşəmliyini, əbədiliyini yaşadır.

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri