“2014-2015-ci ilə qədər özümüz özümüzü diri mal-qara ilə təmin edə bilirdik…” – Ekspert

“Rayonlarda heyvandarlığın azalmasının əsas səbəbi yem bazası ilə bağlıdır. Çünki 2014-2015-ci illərdən sonra bu problem getdikcə artmağa başladı. Hətta rəsmi statistika da göstərir ki, ölkədə iribuynuzlu və xırdabuynuzlu mal-qara azalır və xaricdən idxalımız artıb. Əsasən də Gürcüstan və Rusiyadan diri mal-qara idxal etməyə başlamışıq. Halbuki 2014-2015-ci ilə qədər biz özümüz özümüzü 100%-ə yaxın diri mal-qara ilə təmin edə bilirdik”.

Bu sözləri  iqtisadi ekspert Natiq Cəfərli deyib.

O, bölgələrdə yaşayan əhalinin bir hissəsinin artıq kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmamasının səbəblərini izah edib.

N. Cəfərli aydınlaşdırıb ki, yem bazasının zəifləməsinə səbəb 2014-2015-ci ildən sonra pambıqçılığın inkişafı ilə bağlı qəbul olunan proqramdır:

“Bir çox yerdə əvvəl örüş yerləri, yem bazası kimi istifadə olunan torpaq sahələrində pambıq əkilməyə başladı ki, bu da yemi bahalaşdırdı. İndi yem kifayət qədər bahadır və bir çox hallarda yemin baha olduğunu görən fermerlər artıq bununla məşğul olmaq istəmirlər. Məsələyə qlobal yanaşanda belə bir mənzərəni görürük”.

Mütəxəssis əlavə edib ki, burada lokal problemlər də var:

“Çox təəssüf ki, son illərdə regionlarda az maaşlı iş yerləri getdikcə artdı. Vətəndaşları obrazlı desək, pis öyrətdilər. Çünki onlar 300-400 manatlıq əməkhaqqı ilə işləməyə daha çox razıdırlar, nəinki torpaqda çalışmağa. Bu da bir müddətdən sonra insanları torpaqdan soyutdu. Hətta hökumət bunu sosial bir layihə kimi də təqdim etdi. Bu yaxınlarda da elan edildi ki, regionlarda 50 minə yaxın sosial iş yerlə açılıb. Biz bilirik ki, bu iş yerlərinin maaşları az olsa da, rayon camaatı üçün qənaətbəxş hesab olunur. Onlar az maaşlı sosial işlərdə işləməyə daha çox önəm verirlər ki, heç bir riski yoxdur”.

“Amma heyvandarlıq və kənd təsərrüfatının riskləri var. Bunun hava şəraiti, yem bazası, dərmanları, preparatları var ki, hamısı xaricdən alınır və getdikcə bahalaşır. Onların əziyyəti özlərinə qalır və qazanc o əziyyəti qarşılamır. Ona görə də maraq təəssüf ki, azalır və xırda kənd təsərrüfatı subyektləri getdikcə sıradan çıxır. Bu isə ümumilikdə regionlarda məhz kənd təsərrüfatı məhsullarının ev təsərrüflatlarındakı istehsalını xeyli dərəcədə azaldır”, – o, qeyd edib.

“Bunun üçün yenidən velosiped icad etməyə ehtiyac yoxdur, əksinə, doğru və hədəfə çatan stimullaşdırıcı proqram olmalıdır. Eləcə də yem, dərman preparatları, baytarlıq məsələsində dövlətin müəyyən dəstəyinə ehtiyac var. Bundan başqa, sığorta bazarı inkişaf etməlidir. Demək olar ki, bizdə aqrar sektorda sığorta bazarı yoxdur. Məsələn, mal-qara tələf olur, heyvan xəstələnir və bunun ziyanı birbaşa kənd təsərrüfatı ilə məşğul olan fermerin üzərinə düşür. Amma bir çox ölkələrdə belə bir praktika var ki, dövlət onların hamısını sığortalamaqda yardımçı olur və heyvanların başına bir iş gələndə, xəstələnəndə, tələf olanda bazar dəyərinə uyğun fermerlərə ödənişlər olunur. Azərbaycan isə bu sahədə də ciddi çatışmazlıqlar var”, – həmsöhbətimiz fikirlərini tamamlayıb.