2016-cı ildə Bakıda beynəlxalq simpozium keçiriləcək

12

 

2016-cı ildə Bakıda “Neft kimyası və neft emalı problemlərinin həllində kataliz” adlı III Rusiya-Azərbaycan beynəlxalq simpoziumun keçirilməsi gözlənilir. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bu barədə qərar Sankt-Peterburqda keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kimya Problemləri və Neft-Kimya Prosesləri institutlarının əməkdaşlarının iştirak etdiyi II simpoziumda qəbul olunub.

Tədbir Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Karbohidrogenlərin Emalı Problemləri İnstitutu və Omsk Elmi Mərkəzi, Q.K.Boreskov adına Kataliz İnstitutu, Sankt-Peterburq Elmi Mərkəzi, Kataliz üzrə Elmi Şura və AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu tərəfindən təşkil olunub.

Simpoziumda AMEA-nı texnika elmləri doktoru Leylufər Əliyeva, kimya elmləri doktorları – Eldar Zeynalov, Hafiz Əlimərdanov, Səfa Abbasov, Reyhan Əliyeva, kimya üzrə fəlsəfə doktoru Gülxanım Abbasova, texnika elmləri üzrə fəlsəfə doktorları – Gülbəniz Muxtarova, Lalə Əfəndiyeva və Təranə Məmmədova təmsil ediblər.

Nümayəndə heyətinin rəhbəri Kimya Problemləri İnstitutunun direktor müavini, kimya elmləri doktoru Vaqif Əhmədovdur. Alimlərimiz tərəfindən ümumən 9 şifahi və 9 nümayiş məruzəsi təqdim olunub. Onların katalizatorlardan səmərəli istifadəyə xidmət edən məruzələri tədbirin təşkilat komitəsi tərəfindən həyata keçirilmiş müsabiqə nəticəsində dəyərləndirilib. I dərəcəli diploma Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya rəhbəri R.Əliyevanın “AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun oliqomerləşmə və polimerləşmə proseslərində ion-maye katalizi sahəsində tədqiqatları” mövzusunda məruzəsi, II dərəcəli diploma isə həmin institutun əməkdaşı və doktorantı G.Muxtarovanın “Təbii nano ölçülü katalizatorla qudronun hidrokrekinqi prosesinə rejim parametrlərinin təsiri” adlı məruzəsi layiq görülüb.