2020-ci il tarixə qovuşdu.

Bu il bütün dünyada koronavirus pandemiyası və onun faciəvi nəticələri ilə yaddaşlarda qalacaq. Lakin dünya ölkələrindən fərqli olaraq, Azərbaycan xalqı üçün 2020-ci il böyük tarixi hadisə – Zəfər ili kimi yaddaşlarda qalacaq.

Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.

Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən 30 illik Qarabağ həsrətinə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin nümayişi oldu. Ermənistanın təslim olması ilə nəticələnən üçtərəfli 10 noyabr bəyanatının rəsmi şəkildə elan edilməsi sübut etdi ki, ölkəmiz işğal altında olan torpaqlarını müstəqil şəkildə azad etməyə qadirdir. Azərbaycan bütün dünyaya göstərdi ki, onun savaşı haqq savaşıdır.
Bütün azərbaycanlıların yaddaşına, ürəklərinə qızıl hərflərlə həkk olan 2020-ci il bizə qələbə sevinci və qürurunu yaşatdı. Biz artıq qalib dövlət, qalib xalqıq. Bizə bu sevinci yaşadan Ali Baş Komandana, Müzəffər Azərbaycan Ordusunun zabit və əsgərlərinə, öz liderinin ətrafında möhkəm birləşən və ordusu ilə bütövləşən qəhrəman xalqıma təşəkkür edirəm. Bu qələbəni bizə canı ilə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa diləyirəm.
2020-ci ildə Dövlət başçımız Azərbaycanın ərazi bütövlüyünü bərpa edən güclü lider, qalib sərkərdə kimi adını tarixə yazdı. Müharibə dövründə və ondan sonrakı günlərdə dövlət başçısının həyata keçirdiyi siyasət çoxlarını heyran qoydu. Ölkə rəhbəri güclü xarakteri, uzaqgörənliyi, rasional və milli maraqlara xidmət edən siyasəti ilə əsl lider olduğunu dəfələrlə isbatladı. Dünya cənab Prezidenti qlobal masştablı, qətiyyətli siyasətçi, mahir sərkərdə kimi bir daha yaxından tanıdı və əmin oldu ki, İham Əliyev təkcə dünənin və bu günün deyil, həm də gələcəyin lideridir. Təsadüfi deyil ki, Rusiyanın nüfuzlu “Vedomosti” nəşri “İlin siyasətçisi” xüsusi layihəsinin nəticələrinə görə Azərbaycan Prezidenti İlham Əliyev nəşrin oxucularının seçimi əsasında “İlin siyasətçisi” elan olunub. Nəşr yazıb ki, Azərbaycan Prezidentini haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasında isə əsl zəfər əldə edən yeganə lider adlandırmaq olar.
Azərbaycan 2020-ci ildə hərbi-siyasi, diplomatiya sahəsində böyük qələbə qazandı. Ölkəmiz bu il öz ərazisini güc və diplomatiya yolu ilə bərpa etdi. Hərbi yolla başlanılan bu uğur diplomatik, siyasi müstəvidə Azərbaycanın xeyrinə davam edir. Bu bir tarixdir. Dünyada diplomatiya tarixində geosiyasətin tədrisində mütləq istifadə olunacaq. Azərbaycanın əldə etdiyi hərbi uğurlar bundan sonra dünya hərb sənətinin öyrənilməsində istifadə olunacaq. II Dünya müharibəsindən sonra hələ indiyə qədər belə bir hadisə olmamışdır ki, bir ölkə xarici təcavüz nəticəsində itirdiyi torpaqlarını güc, hərbi-siyasi və diplomatik yolla geri qaytarsın. Azərbaycan bu sahədə ilkə imza atıb. Bu, Ali Baş Komandanın, Azərbaycanın xalqının və Ordusunun yazdığı ən şərəfli bir tarixdir.
2020-ci ildə Azərbaycan tarixində ilk dəfə heç zaman yaşanmayan sözün tam mənasında milli həmrəylik yarandı. Siyasi mənsubiyyətindən, dinindən, etnik kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı, bütün xalq ölkə Prezidentinin ətrafında birləşdi. Prezidentin simasında iqtidar, ordu, xalq birliyi “dəmir yumruğa” çevrildi. Bu “dəmir yumruq” düşmənin belini qırdı və bütün dünyaya göstərdi ki, Qarabağ Azərbaycandır. 10 dekabrda keçirilən qələbə paradımız qələbəmizin nidası oldu və 2020-ci ili bizim üçün daha da qiymətli, şərəfli, yaddaqalan etdi.
2020-ci il həmçinin dünyada yaşayan azərbaycanlıların xüsusi həmrəyliyi ilə yadda qalacaq. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.
Bu il onlar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü xüsusi əhval-ruhiyyə ilə qeyd etdilər: onlar fəxr etdilər ki, qəhrəman Azərbaycan xalqının övladlarıdırlar. Bu gün hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız haqlı olaraq fəxr edə bilərlər ki, biz müzəffər xalqın övladlarıyıq, nümayəndələriyik.
2020-ci il dünya üçün gözəgörünməz təhlükə ilə mübarizə ili kimi yadda qaldı və bu bəla Azərbaycandan da yan keçmədi. İnamla deyə bilərik ki, Azərbaycan pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələrdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Hökumət koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirir. Elə bu layihələrin də əsasında insan, onun rifahı, sosial cəhətdən müdafiəsi dayanır. Prezident Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradaraq özü və Birinci vitse-prezident bir illik maaşlarını həmin quruma köçürdülər. Ümumiyyətlə, Prezident İlham Əliyev həm dövlət başçısı, həm də bir vətəndaş kimi bu mübarizənin önündə dayanaraq digər ölkələrin rəhbərlərinə də bir nümunədir”.
2020-ci il ölkəmizdə həmçinin “Könüllülər ili kimi yadda qaldı. Könüllülük xalqımızın əsrlər boyu yaşatdığı xeyirxahlıq, fədakarlıq, təmənnasız kömək, yardımlaşma ənənələrindən biridir. Bu bavram insanları vahid niyyət ətrafında birləşdirir, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu nümunəsidir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi də Prezident İlham Əliyevin cəmiyyət-dövlət, xalq-dövlət münasibətlərinin mükəmməlləşdirilməsi istiqamətində, bu əlaqələrin, münasibətlərin daha da yaxşılaşdırılması üçün atdığı növbəti uğurlu addımlardan biridir. Bu prosesə gənclərin cəlb edilməsi isə onların fərdi inkişafına təkan vermək, sosial məsuliyyətlərini artırmaq, gənclərin potensialından xalqın rifahı naminə istifadə etmək məqsədi daşıyır, gənclərin daha da sosiallaşmasına, onların kommunikativ imkan və bacarıqlarının artmasına, ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal təmsil olunmalarına, onların daxili mənəvi aləminin zənginləşməsinə, dünyagörüşlərinin genişlənməsinə, elmi-intellektual potensiallarının yüksəlməsinə birbaşa təsir edir.
Biz 2021-ci ilə qədəm qoymuşuq. 2021-ci ildə dövlətimiz cənab prezidentimizin rəhbərliyi altında yeni-yeni uğurlara, müvəffəqiyətlərə imza atacaq. 2021-ci il Qarabağın dirçəliş ili olacaq. Hədəfimiz işğaldan azad edilən rayonlarımızı cənnətə çevirməkdir. Artıq bunun üçün cənab prezidentimiz lazımi göstəriş və sərəncamlarını verib. Bu ilin büdcə zərfində işğaldan azad edilən ərazilərin dirçəldilməsi üçün 2 milyard 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu hələ başlanğıcdır. İşğaldan azad edilən ərazilərdəki quruculuq işində beynəlxalq şirkətlər də, dost-qardaş Türkiyə dövləti də iştirak edəcək. İtaliyanın da dost dövlət kimi bölgəmizin dirçəlməsində rolu olacaq. Bu siyahı daha da genişləcənək. Çünki bizə dost ölkələrin sayı çoxdur. Cənab prezidentimizin uğurlu xarici siyasətinin əsas hədəflərindən biri də Azərbaycana yeni dost ölkələr qazandırmaqdır. Bu yöndə çox uğurlu addımlar atılıb.
“Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!”.Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur.