“22 milyon ton taxıl limanlarda qalıb” – Ukrayna XİN

“Rusiyanın blokadası nəticəsində Ukrayna indi kənd təsərrüfatı məhsullarını dəniz yolu ilə ixrac etmək imkanını itirib və nəticədə təxminən 22 milyon ton taxıl limanlarda qalıb. Xüsusilə Afrika və Asiyadakı istehlakçılara taxılın çatdırılması mümkün deyil. Alternativ quru yolları problemi tam həll etməyəcək, çünki onların ötürmə qabiliyyəti aşağıdır”.

Xalq.az xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Oleq Nikolenko deyib.

O bildirib ki, Rusiya ordusu dəniz ərazilərini minalayıb, Odessa və Qara dənizdəki digər sahil şəhərlərinin müdafiəsini yarmağa çalışır.

“Rusiyanın hərəkətləri qlobal ərzaq böhranına və bəzi regionlarda aclığa səbəb ola bilər. Rusiya Ukraynanın dəniz limanlarını dərhal blokadadan çıxarmalı, Odessa və digər sahilyanı şəhərləri atəşə tutmağı dayandırmalı, hərbi donanmasını ticarət gəmilərinə hücumu qeyri-mümkün edəcək məsafəyə çıxarmalı və beynəlxalq dəniz naviqasiyasına maneə yaratmamalıdır”, – Ukrayna XİN-in sözçüsü vurğulayıb.