Ermənistan təxribatı niyə məhz Tovuz bölgəsində törətdi? – Deputat yazdı

ulvi

İyul ayının 12-də işğalçı Ermənistan öz təcəvüzkar siyasətini davam etdirərək növbəti hərbi təxribatına imza atdı. Özü də bu dəfə Qarabağda deyil, Ermənistan-Azərbaycan sərhədində Tovuz istiqamətində. Düşmən iriçaplı silahlardan yaşayış məntəqələrimizi,mülki əhalini atəşə tutdu. Artıq 12 hərbi qulluqçumuz şəhid olub, 76 yaşlı mülki vətəndaşımız öldürülüb.

Bir daha onların hər birinə Allahdan rəhmət diləyirəm. Bilirsiniz ki,qazilərimiz də var, onların tezliklə şəfa tapmalarını arzu edirəm.


Təxribatı,faktiki hərbi təcavüzü törədən Ermənistan öz xislətinə sadiq qalıb bütün dünyanı həmişə etdiyi kimi indi də aldatmağa cəhd edir,öz aqressiv siyasətini ört-basdır etmək məqsədi ilə genişmiqyaslı dezinformasiya təbliğatı ilə məşğuldur. Düşmən beynəlxalq ictimaiyyəti aldatmağa çalışır ki, guya təxribat törətməyib, ilk atəşi də Azərbaycan tərəfi açıb. Uzun illərdir ki, biz ermənilərin yalanlar, iftiralar,böhtanlar üzərində qurulmuş informasiya təbliğatı ilə üz-üzəyik. Düşmən bizimlə müharibəni yalnız hərbi sahədə deyil, dediyim informasiya sahəsində də aktiv şəkildə aparmaqdadır. Qəbul etməliyik ki, məhz Ermənistan Respublikasının davam etməkdə olan təcavüzkar siyasəti nəticəsində Azərbaycan faktiki olaraq görünən və görünməyən tərəfləri olan müharibə şəraitində yaşayır.

Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatın ətrafında düzüb-qoşmaq istədiyi, Azərbaycanı günahkar çıxarmağa yönəltdiyi informasiya təbliğatının yalanlara söykəndiyi konkret faktlarla təsdiq olunur. Nədir bu faktlar? Əvvəl gəlin ondan başlayaq ki, Ermənistanla dövlət sərhədində hərbi münaqişə Azərbaycana nəyə görə lazım deyildi və ordumuz heç bir vaxt bu münaqişənin təşəbbüskarı ola bilməzdi, olmayıb da! Çünki belə bir addım Azərbaycanın dövlət maraqlarına, Qarabağın işğaldan azad edilməsinə yönələn beynəlxalq siyasətinə xidmət etmir, onunla uzlaşmır.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 15-də keçirdiyi iclasda məhz bu amili xüsusi olaraq qabartdı, açıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Prezidentin çıxışından bir sitatı xüsusi olaraq yada salmaq istəyirəm: “Bildiyiniz kimi, bir neçə il bundan əvvəl mənim tapşırığımla sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə olunmuşdur. Bu da onu göstərir ki, bizim bu istiqamətdə hər hansı bir hərbi planımız yoxdur və prinsip etibarilə hərbi məqsədlər nöqteyi-nəzərdən bunun heç bir əhəmiyyəti yoxdur. “Cənab Prezident bu fikri qabartmaqla dünyanın diqqətinə çatdırdı ki, əgər ölkəmizin Ermənistana təcavüz planı olmuş olsaydı, Tovuz istiqamətindəki dövlət sərhədində Sərhəd Xidmətinin qulluqçularını deyil, məhz Müdafiə Nazirliyinin hərbi qoşun və birləşmələrini saxlayardı.


Son günlər ermənilərin yalan informasiya təbliğatında Azərbaycana məxsus hansısa UAZ markalı maşına xüsusi yer ayrılır. Cənab Prezident çıxışında ermənilərin bu yalanını da məntiqi arqumentlərlə ifşa etdi..”Hansı ölkənin ordusu hücumu UAZ maşını ilə təşkil edir? Bəlkə Ermənistan ordusu belə “müdrik” hərbi əməliyyatlar hazırlamaqla məşğuldur? Ancaq Azərbaycan Ordusu və dünyanın heç bir ordusu belə ağılsız addım atmaz. Yəni bu cəfəng versiyanın Ermənistan tərəfindən təqdim edilməsinin əsas səbəbi günahı bizim üzərimizə yıxmaqdır, hər dəfə olduğu kimi.”
Bir neçə digər faktları, arqumentləri də təhlil etməyimiz yerinə düşərdi. 30 ilə yaxındır ki, Dağlıq Qarabağ və ona bitişik olan 7 rayon – Azərbaycan əraziləri Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsindən tutmuş Avropa Birliyinə, Avropa Şurasına, İslam Əməkdaşlıq Təşkilatına və digər mötəbər beynəlxalq təşkilatlara qədər, bütün sənədlərdə həmin ərazilərin Azərbaycana aid olduğu və onların işğal etdiyi təsbit olunur. Azərbaycan Dövləti səlahiyyətli beynəlxalq missiyaların səylərinə hörmət edib bu illər ərzində münaqişənin sülh yolu ilə ədalətli şəkildə həllinə etiraz etmədiyini ortaya qoyur, lazım olduğundan da artıq səbr nümayiş etdirir. Beynəlxalq hüquq, beynəlxalq ictimai rəy, tarixi ədalət Azərbaycana tam əsas verir ki, öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara məhz Qarabağ ərazisində başlasın. Belə bir hüquqi imtiyaz tərəfimizdə ola-ola biz nəyə görə hərbi münaqişəni Ermənistanla dövlət sərhədinə keçirməliydik ki?! Nəyə görə işğalçı Ermənistanın, onun havadarlarının əlinə öz əlimizlə hansısa əsas verməliydik, tərəfimizdə olan beynəlxalq ictimai rəyi öz əleyhimizə çevirməliydik?! Bilirsiniz, düşmən çox hiyləgər ola bilər,həqiqətən məkrli və hiyləgərdir, ancaq ağılsız da onun özüdür. Digər tərəfdən, xalqımız da, dövlətimiz də, bütün dünya da yaxşı bilir ki, erməni tək deyil, müstəqil də deyil, havadarı da var. Müstəqil Azərbaycandan fərqli olaraq Ermənistan KTMT-nın üzvüdür. Bu təşkilatın nizamnaməsində nəzərdə tutulan müddəalar ermənilərə məlum olduğu kimi, bizə də yaxşı məlumdur. Hansı niyyətlə o təşkilata girdikləri də sirr deyil. Bütün dünyaya o da məlumdur ki, özünü müstəqil, azad ölkə kimi təqdim etməyə çalışan Ermənistanın ərazisində xarici dövlətin hərbi bazası yerləşir. Bunlar ortada ola-ola, düşmən bilərəkdən Tovuzda məqsədli şəkildə hərbi təxribat törətdi və heç şübhəsiz layiqli cavabını da aldı.
İndi gəlin onu təhlil edək ki, bu təxribat Ermənistanın nəyinə lazım idi? Əvvəla, Ermənistanın içində, daxili siyasi səhnəsində ciddi gərginlik var. Elə bu gərginliyin nəticəsi idi ki, törətdiyi təxribatdan qısa müddət əvvəl Ermənistanın üç güc strukturunun rəhbəri istefa vermişdi. Orada əsas müxalifət partiyasının rəhbəri Tsarrukyanın toxunulmazlığı Paşinyanın təşəbbüsü ilə ləğv olundu, haqqında cinayət işi başlanıldı. Ermənistanın baş naziri Paşinyan siyasi rəqiblərini sıradan çıxarmaq üçün özündən əvvəlki iki Prezidentin – Sarkisyan və Koçaryanın cinayət təqibinə start verib. Doğrudur, əlləri xalqımızın qanına batmış onların ikisi də Ermənistan məhkəmələrində yox, beynəlxalq tribunalda mühakimə olunmalıdırlar. Bu, başqa bir söhbətin mövzusudur. Lakin Ermənistanın içində həmin şəxslərin öz tərəfdarları var, xaricdən isə bu günün özündə də dəstək ala bilirlər. Bu mənada biz onun da şahidi olduq ki, uzun aylar həbsdə saxladığı Koçaryanı məhz məlum xarici təzyiqlər nəticəsində Paşinyan azad etməyə məcbur oldu. Təkcə bu faktın özü onun göstəricisidir ki, adını demokrat, azad ölkə carçısı qoyan Paşinyanın rəhbərlik etdiyi dövlət adlı qurumda məhkəmələr də müstəqil deyil. Ermənistanın sosial-iqtisadi durumu onsuz da ürəyaçan deyildi. Pandemiya dövründə bu durum xüsusilə ağırlaşdı, Paşinyan Ermənistan cəhənnəmə gedir deməyə məcbur oldu. Erməni cəmiyyəti çiçəklənən iqtisadiyyat vəd etmiş Paşinyanın vədlərini yerinə yetirmədiyinə və yetirə bilmədiyinə görə öz narazılıqlarını kütləvi şəkildə ifadə etməyə başlamışdı. O biri yandan, erməni ictimaiyyəti 2016-cı ilin Aprel döyüşlərinin məğlubiyyət şokunu bu gün də yaşamaqdadır. Guya qərbyönümlü siyasətçi kimi hakimiyyətə gəlmiş Paşinyanın erməni cəmiyyətində səbəb olduğu kütləvi narazılıq qərb dünyasını da onunla məsafəli münasibətə keçməyə sövq edir. O biri tərəfdən, Ermənistanın illər boyu sığındığı Rusiya Paşinyanın tutduğu iki və çoxbaşlı mövqeyə, Rusiya ilə münasibətdə qeyri-səmimiliyə görə onu daim təzyiq altında saxlayır və Paşinyana güvənmir. Xarici siyasət ilə yanaşı, iqtisadiyyatı da Rusiyadan asılılığa məhkum olan erməni cəmiyyəti bütün bunları yaxşı görür və Paşinyanı seçməkdə yanıldığını anlamağa başlayıb. Belə bir vəziyyətdə daxili auditoriyanın diqqətini yayındırmaq, Sarkisyan və Koçaryan kimi hərbçi-döyüşçü imicini qazanmaq məqsədi ilə hərbi təxribat Paşinyana hava və su kimi gərək idi. Bu, ona həm də ona görə lazım idi ki, təxribatı məhz Ermənistanla sərhəddə törətdikdən dərhal sonra KTMT-yə müraciət edib bu təşkilatı öz siyasi-hərbi təxribatının alətinə çevirsin. Onunla məsafəli münasibətə keçən qərbin diqqətini də yenidən özünə çəkə bilsin. Həmişə olduğu kimi ikibaşlı oyun, xəbis niyyət ortadadır. Yadınızdadırsa, 2016-cı ilin Aprel döyüşlərində də Ermənistan KTMT-yə rəsmən təkidli müraciətlər etmişdi. Lakin o zaman verilən cavab belə oldu ki, hərbi əməliyyat Dağlıq Qarabağda, bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı bölgədə baş verir, Ermənistan ərazisində yox, bu səbəbdən KTMT müdaxilə edə bilməz. Bax buna görə də ermənilər bu dəfə hərbi təxribatı Tovuz istiqamətində həyata keçirdilər və dərhal da KTMT-yə müraciət etdilər. Lakin Paşinyan bir şeyi unutdu ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu təşkilata daxil olan digər dövlət başşıları ilə, xüsusən də Rusiya rəhbərliyi ilə dürüst, səmimi və bərabərhüququlu münasibətlərin təməlini çoxdan qoyub. Həm də bu təşkilatda söz sahibi olan Rusiya rəsmiləri Ermənistanın bu günkü rəhbərliyinin ikili, riyakar gedişlərini xeyli vaxtdır ki, de-şifrə ediblər. Bu günə görünən odur ki, erməni hərbi-siyasi təxribatına müəlliflik edən Paşinyanın hiyləsi baş tutmadı. Ən əsası, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuz düşmənə layiq olduğu qətiyyətli cavabı verdi. Aprel döyüşlərində olduğu kimi, Ermənistan rəsmiləri həqiqi itkilərini öz xalqından yenə də gizlətməyə çalışırlar. Amma bu gizlənpaç oyunu uzun sürə bilməz. Gec-tez erməni əsgər anası öz balasını Paşinyandan tələb edəcək, övladını təxribatın qurbanı etdiyinə görə onu divara dirəyəcək. Soruşacaq ki, necə oldu ki, sənin oğlun ordudan tərxis olunduqdan, evinə sağ-salamat qayıtdıqdan cəmi üç gün sonra bu hərbi təxribatı törətdin?!


İşğalçı Ermənistan onu da gördü ki, qardaş Türkiyə Azərbaycana qarşı törədilən təxribatlardan cana doyub və artıq yalnız kənardan siyasi dəstək vermək fikrində deyil. Pakistanın da, Ukraynanın da, KTMT-yə daxil olan Qazaxıstan və Qırğızıstanın da mövqeyini, Rusiya və Belarusiyanın təmkinli davranışını, beynəlxalq təşkilatların yanaşmasını müşahidə etmək imkanı oldu. Ən başlıcası isə, işğalçı Ermənistan, onun havadarları, bütün sivil dünya iyulun 14- 15-də Bakıda xalqımızın öz təşəbbüsü ilə keçirdiyi möhtəşəm birlik, həmrəylik, dəstək yürüyüşünü seyr etdi və bir daha əmin oldu ki, Azərbaycan xalqı öz Ali Baş Komandanının, Ordusunun arxasındadır. Hər kəs yəqin etdi ki, Qarabağ işğaldan azad edilən günədək Azərbaycan xalqı sakitləşməyəcək. Şəhidlərimizin ruhu və milli mənliyimiz naminə bu savaş Prezident İlham Əliyevin rəhbərliyi altında qələbə gününədək davam edəcək, təxribatların və işğalın qisası amansız olacaq. Səlahiyyətli beynəlxalq missiyalar isə Azərbaycan cəmiyyətindən açıq şəkildə o siqnalı aldılar ki, Xalqımız və müstəqil Azərbaycan Dövləti, Prezident cənab İlham Əliyev az qala 30 il boyu davam edən status-kvo ilə barışmaq fikrində deyil. Düşünürəm ki, cənab Prezidentin çıxışında səslənən fikirlər, cəmiyyətimizin veridyi mesajlar Azərbaycan diplomatiya korpusunun fəaliyyətində prioriet təşkil edəcək və hər birimizin fəallığı əsas məqsədimizə, haqq etdiyimiz ədalətli nəticəni əldə etməyimizə xidmət edəcək.


Ülvi Quliyev, Milli Məclisin deputatı