Azərbaycan strateji maraqlarını addım-addım həyata keçirir.

“Brüssel görüşü Azərbaycanın siyasi-diplomatik uğurudur. Xüsusilə qeyd etməliyik ki, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm qələbə regionda olduğu kimi beynəlxalq arenada da yeni reallıqlar yaratmışdır. Beləki, Brüssel görüşünün nəticəsində Avropa İttfaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuata verdiyi bəyanat Azərbaycanın irəli sürdüyü tezislərlə uyğunluq təşkil edir. Xüsusilə də, Ş.Mişel tərəfindən səsləndirilən bəlkə də ən vacib siyasi mesaj hərtərəfli sülh müqaviləsinin imzalanmasının vacibliyidir”.

Bu sözləri saytımıza cənab Prezident İlham Əliyevin Brüssel səfərini şərh edərkən Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O, Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın dünən Brüsseldə keçirilən üçtərəfli görüşünü şərh edib.

“Bu mühüm tədbirdə Azərbaycanın mövqeyi yenidən səsləndirildi və Qərbdəki tərəfdaşlarına çatdırıldı. Aydın oldu ki, Azərbaycanın münaqişədən sonrakı gündəliyini hamı tanıyır. Avropanın ən nüfuzlu təşkilatı olan Aİ bu məsələdə Azərbaycanın mövqeyini bölüşür”, – deyə millət vəkili bildirib.

Tamam Cəfərova açıqlamasında bildirib ki, Avropa İttifaqının Cənubi Qafqazda sülh və siyasi stabillik arzulaması Qərbin liberal dəyərləri ilə deyil, daha çox praqmatik siyasət zərurətindən irəli gəlir. Siyasi gərginlik Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında ən vacib arteriyalardan biri olan Cənubi Qafqaz regionunu daima təhlükə altında saxlayır. Revanşizmin təsiri altında və ya kənar qüvvələrin təhriki ilə Ermənistanın Azərbaycana qarşı ata biləcəyi istənilən yeni hərbi təxribatın mənfi təsirləri Cənubi Qafqaz regionunun sərhədlərini aşaraq Avropa İttifaqının siyasi və iqtisadi durumuna zərbə endirə bilər. Xatırladaq ki, Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan ilə əməkdaşlıq edən Aİ  bu illər ərzində enerji sahəsində, başda Cənub Qaz Dəhlizi üzrə 2011-ci il tarixli Birgə Bəyannamə olmaqla, bir çox strateji əməkdaşlıq qurmuşdur. Bu baxımdan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan və Ermənistan arasında dayanıqlı və uzunmüddətli sülhün təmin olunmasında Aİ olduqca maraqlıdır.

T. Cəfərova xüsusilə qeyd edib ki, Ş. Mişelin 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etməsi ilk növbədə Avropa İttfaqının bu formatların tanınması və onlarla hesablaşması anlamına gəlir. Burada əsas məqam ondan ibarətdir ki, hər üç görüş və bəyanat Aİ-nın geosiyasi rəqibi olan Rusiyanın iştirakı və vasitəçiliyi ilə keçirilmiş və imzalanmış razılaşmalardır. Ş. Mişelin bu bəyanatların yerinə yetirilməsinə çağırış etməsi Avropa ittifaqının indiyə qədər əldə edilən razılaşmalara qarşı hər hansı bir irad və ya narazılığının olmamasından xəbər verir.

Ş.Mişel verdiyi bəyanatda regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb. Eyni zamanda bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunulub. Həmçinin dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırılıb.

Avropa İttifaqı Prezidentinin bəyanatında, həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulanıb.

 Şübhəsiz ki, bütün bunlar cənab prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin növbəti böyük siyasi-diplomatik uğurudur. 

Biz görürük ki, artıq gündəmdə sərhəd və Zəngəzur məsələsidir. Yəni Azərbaycan strateji maraqlarını addım-addım həyata keçirir. Bir nəticəni də qeyd etmək olar. Artıq Azərbaycan Avropa İttifaqının reabilitasiya, yenidənqurma proseslərinə maliyyə dəstəyi verəcəyinə nail ola bilib. Bu iki nəticə çox vacibdir və Azərbaycan buna nail olub.

Həmçinin onu da qeyd etməliyik ki, görüşdə mühüm məqamlardan biri, Zəngəzur və Laçın dəhlizində gömrük postlarının qurulması ilə bağlı idi. Təbii ki, burada da  Prezident İlham Əliyev qətiyyətlilik nömayiş etdirərək, diqqətə çatdırdı ki, əgər Zəngəzur dəhlizində  gömrük postları olacaqsa, o cümlədən Laçın dəhlizində də bu, tətbiq olunacaq. Bununla da, bir daha Cənab Prezident göstərdi ki, Azərbaycan dövləti Azərbaycan xalqının milli maraqlarından irəli gələn siyasət yürüdür.