Yanğına iki helikopter və bir amfibia təyyarəsi cəlb olundu

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsini sürətləndirmək və yanğının sahəsinin daha da genişlənməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir

Nazirliyin Aviasiya dəstəsinin iki helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə işlərinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşə ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Xaçmaz Rayon İcra Hakimiyyətinin müvafiq texnikası əraziyə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Xalq.Az