Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Dekabrın 21-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

İclası açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyin ilk 7 məsələsi – Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi, Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi, Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi, Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqındadır.

Əli Hüseynli məsələlərlə bağlı məlumat vermək üçün sözü Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynova təqdim edib.

Cavid Hüseynov bildirib ki, Azərbaycanda uğurla həyata keçirilən məhkəmə islahatlarının ən mühüm elementlərindən biri hakim kadrların təyinatıdır. Cənab Prezidentin fərmanı ilə iş yükünün çoxluğu nəzərə alınaraq, hakimlərin sayı 200 ştat vahidi artırılıb və bu gün həmin hakimlərin seçimi intensiv surətdə həyata keçirilir. Artıq 83 hakimin təyinatı aparılıb, 40 nəfər təyinat ərəfəsindədir, 250-yə yaxın hakimliyə namizəd seçim prosesinin müxtəlif mərhələlərindədir. Yeni təyin olunan hakimlərin təxminən 50%-ə qədərini qadınlar təşkil edir.

Cavid Hüseynov qeyd edib ki,  hakimlərin seçilmə qaydası 2021-ci ilin martında təsdiq edilib və ötən dövr ərzində 300-dən çox hakimin fəaliyyəti qiymətləndirilib. Fəaliyyətində fərqlənən 50-yə yaxın hakim vəzifələrində irəli çəkilib, 60-a qədər hakim isə Milli Məclisin müvafiq qərarları ilə ali və apellyasiya məhkəmələrinə təyin edilib. O, hakimlərin fəaliyyətinin hərtərəfli qiymətləndirilməsinin son nəticələrinə əsasən, bu gün komitənin müzakirəsinə təqdim olunan hakimlərin ali və apellyasiya məhkəmələrinə irəli çəkilməsi, təyin olunması, həmçinin apellyasiya məhkəmələri çərçivəsində iş yerinin dəyişdirilməsi və apellyasiya məhkəmələrindən birinci instansiya məhkəmələrinə keçirilməsi ilə bağlı məsələlər barədə iclas iştirakçılarına ətraflı məlumat verib.

İclasda çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, deputat, Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov, deputatlar Azay Quliyev, Elşən Musayev, Fəzail Ağamalı, Tahir Kərimli, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, Erkin Qədirli müzakirə olunan məsələlər barəsində fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.

Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov  səsləndirilən fikirlərə münasibət bildirəndən sonra iclasın ilk 7 məsələsi ilə bağlı qərar layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi”  medalın təsisi məsələlərini tənzimləyəcək. 12-ci məsələ olan Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) əcnəbilərin və ya vətəndaşlığı olmayanların yerli İT şirkətlərdə işləməsi üçün iş icazəsi almaqdan azad edilməsi ilə bağlı hazırlanıb.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində (üçüncü oxunuş) mobil cihazın qeydiyyatının aparılmasından yayınmağa görə inzibati məsuliyyət müəyyən edilməsi təklif olunub.

Gündəliyin 14-cü  məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində (üçüncü oxunuş) Azərbaycan Respublikasında radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydalarının pozulması ilə bağlı inzibati məsuliyyət müəyyən edilib.

Son məsələ olan Əmək Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb.

Layihələrin müzakirəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, Erkin Qədirli, Fəzail Ağamalı, Tahir Kərimli, Bəhruz Məhərrəmov, Azay Quliyev, Nizami Səfərov çıxış edərək fikirlərini bildiriblər.

Müzakirələrin sonunda qanun layihələrinin hamısı baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub