Başları daşdan-daşa dəyəndən sonra anlayıblar ki…

“Azərbaycanla Ermənistan sülh müqaviləsinin imzalanmasına hazırlıqla məşğuldur. Azərbaycan hələ ötən ilin əvvəlindən Ermənistana 5 baza prinsiplərinə söykənən sənəd təqdim edib və orada sülh müqaviləsinin beynəlxalq standartlara uyğun tərtib edildiyinə dair heç bir şübhə yoxdur. Ermənilərin bu sənədlə tanışlığından az qala il yarım keçir. Yalnız indi Paşinyan və onun komandası həmin sənədə reaksiya verməyə başlayıblar. Başları daşdan-daşa dəyəndən sonra anlayıblar ki, 29,8 min kvadrat kilometrlik ərazilərində yaşamağa qane olmaq şərtilə sülh müqaviləsinə imza ata və təhlükəsiz yaşaya bilərlər. Ermənistan sülhə hələ də hazır olmadığını hər addımında göstərir”. Bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Ermənistandakı maksimalist təbəqə iki ölkə arasında 30 ildən artıq davam edən münaqişəni, müharibəni ən çoxuna nail olmadan dayandırmaq istəmirlər: “Bunun üçün bütün vasitələri sınaqdan çıxarmaq niyyətlərini gizlətmirlər. Əllərinə düşən bütün imkanları dövrəyə buraxırlar. Necə deyərlər, bir tərəfdən sülh istəyir, digər tərəfdən müharibəyə hazırlaşırlar. Ermənistanın Soçi, Brüssel və Vaşinqton platformalarında sülh axtarmaqla yanaşı İrandan, Hindistandan müxtəlif növ silahlar əldə etməyə çalışması, bu ölkələrə sifarişlər göndərməsi, müqavilələr imzalaması diqqətdən yayınmamalıdır. Ermənistan Azərbaycanla dost demirik, heç mehriban qonşuluq da demirik, heç olmasa normal beynəlxalq prinsiplər çərçivəsində yaşamaq istəyində olduğunu büruzə verən simptomlara da malik deyil. Dumanda yolu azaraq Ermənistan ərazisinə keçən iki əsgərimizlə bağlı qaldırdıqları hay-küy, isterik hərəkətlər bunu deməyə əsas verir ki, Azərbaycanın işi hələ çox olacaq. Xəbis, riyakarlıq kimi yaşam tərzini özünə yol seçən ermənilərin də işi asan olmayacaq”.

 

Sevinc