Millət vəkili Məzahir Əfəndiyev görüş keçirib

Bu gün ölkəmizdə İslam dinin abidələri və zəngin mənəvi irsinin qorunub saxlanılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Təsadüfi deyil ki, Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İkinci Qarabağ-Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə ilk səfərləri çərçivəsində məhz Ağdam məscidini ziyarət etmələri, oraya Qurani-Kərim bağışlamaları dinimizə, tariximizə və mədəniyyətimizə olan ehtiramın bariz nümunəsi idi.

Konstitusiyada dövlətin dünyəviliyinin açıq şəkildə ifadə edilməsi Azərbaycanın ən dünyəvi müsəlman cəmiyyətlərindən biri olduğunu iddia etməyə əsaslı zəmin yaradır.

Azərbaycanın vətəndaşları öz inanc və dinlərindən olan insanlara müqəddəs bayramlarını qeyd etməyə və ənənələrini yaşatmağa imkan verir. Ölkəmizdə Müsəlmanlar tərəfindən qeyd olunan Ramazan ayı İslam təqvimində ən şəfaqətli və müqəddəs ay hesab edilir və İslamın əsas şərtlərindən biri sayılır. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayda Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim nazil olmuşdur.

Ramazan mədəni maarifləndirmə, həmrəylik, mədəniyyəti bölüşmək, səbr, mədəniyyətlərarası dialoqun təşviqi ayı sayılır. Müsəlmanlar bu müqəddəs ayın son gününü Ramazan bayramı kimi qeyd edirlər.

Sevindirici haldır ki, mübarək Ramazan ayı bu il müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsinə təsadüf edir.

Bu məcrada 19 aprel 2023-cü il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev ərazi üzrə din xadimləri və dini icma nümayəndələri ilə iftar süfrəsi ətrafında bir araya gələrək “Heydər Əliyev və dini-mənəvi” dəyərlər mövzusunda görüş keçirib.

Görüşdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay rayonu üzrə şöbəsinin məsləhətçisi Əzim Rəfiyev, Göyçay və Ağdaş Rayon İcra Hakimiyyəti başçılarının müavinləri Zivər Zeynalova və Aynur Novruzova da iştirak ediblər.

Çıxış edən M.Əfəndiyev Azərbaycanın hər zaman İslam dünyasının tarixi və mədəni mərkəzlərindən biri olduğunu vurğulayaraq, əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmizin digər din və mədəniyyətlərə də qucaq açdığını, əksər ölkələrdən fərqli sivilizasiya formalaşdırdığını diqqətə çatdırdı.

Bu istiqamətdə qəbul olunan “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikasının Qanunu xüsusi qeyd edildi. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin dövlət siyasətində dini-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıdan da söhbət açıldı.

Görüş müqəddəs kitabımız Qurani-Kərimdən ayələr səsləndirilməsi ilə davam edib. Sonda iştirakçılar təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirdilər.

Bir daha 89 saylı Göyçay-Ağdaş seçicilərini insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edən müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı bildiririk.