Bütün varlığı ilə xalqa xidməti şərəf bilən bu cür partiyaları niyə görməzdən gəlirsiniz?

Bu yaxınlarda hörmətli həmkarımız Vahid Əhmədov mətbuatda xoşagəlməz fikirlərlə çıxış etdi. Qərəzli və avantürist sualların təsiri altına düşən həmkarımız dövlətimizin apardığı uğurlu siyasətə şübhə toxumu səpmiş oldu.

Bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış zamanı millət vəkili Fəzail Ağamalı deyib.

O qeyd edib ki, həmkarının Azərbaycan dövlətinə təhdidlərindən narahatdır:

“O, ilk növbədə prezidentin sosial siyasətinə kölgə salır və bunu müxtəlif rəqəmlərlə əsaslandırmağa çalışır. İkincisi, ölkə Prezidenti korrupsiya və kölgə iqtisadiyyatına sözün əsl mənasında müharibə elan edib. Bunu qeyd etmək əvəzinə bütün problemləri sistemin üzərinə yıxmaq böyük təəssüf hissi doğurur.

Üçüncüsü, partiyalar haqqında fikirlər söyləyir. Bütün varlığı ilə Azərbaycan dövlətçiliyinə xidmət edən və Milli Məclisdə fəaliyyət göstərən partiyaların üzərinə gedir və onların fəaliyyətinə kölgə salmağa çalışır. Bunu hansı arqumentlə əsaslandırır? Bütün varlığı ilə xalqa xidməti şərəf bilən bu cür partiyaları niyə görməzdən gəlirsiniz? Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası səriştəsizliyə, xaosa görə Azərbaycan xalqının yaddaşında yaşayır. Milli Məclisdə təmsil olunan partiyalar Vətən Müharibəsi zamanı Ali Baş Komandanla bərabər oldu və birgə bəyanata imza atdılar. Amma qeyd etdiyi partiyalar bu addımı atmadılar.

Nəhayət, Milli Məclisə də hörmətsizlik edir, onun legitimliyini şübhə altına alır. Ona görə də mən bütün bu suallara onun cavab verməsi üçün məsələnin İntizam Komissiyasında müzakirə edilməsini təklif edirəm”.

 

axar.az

 

Sevinc