Türkiyənin gücü təkcə Avropa, Avrasiya deyil, Afrika, Amerika qitəsində də özünü göstərir

Türkiyənin və Azərbaycanın güclənməsi yeni yaranmış siyasi arxitekturada mövqeyimizin möhkəmlənməsinə öz təsirini göstərəcək, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov AzerPress-ə özəl açıqlamasında bildirib.

“Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri təkcə Türkiyə üçün deyil, həm də bölgənin və qlobal anlamda dünyanın ictimai-siyasi həyatında önəmli məsələlər yarada bilər. Əvvala, Türkiyə son zamanlar prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli uğurlu siyasəti nəticəsində bölgədə söz sahibinə çevrilib. Türkiyənin gücü təkcə Avropa, Avrasiya deyil, Afrika, Amerika qitəsində də özünü göstərir”, – deyə millət vəkili əlavə edib.

V. İskəndərovun sözlərinə görə, Türkiyə energetika sahəsində əldə etdiyi uğurlarla yaxın zamanda dünyanın 10 aparıcı iqtisadiyyatından birinə çevrilə bilər.

“Türkiyə bu gün neft-qaz ixracatçısına çevrilməkdədir və tranzit yolunda önəmli mövqeyə malikdir. Bu məsələlərin, xüsusilə, siyasi anlamda hərbi sənaye kompleksinin sürətlə inkişafı Türkiyənin siyasi gücünü gündən-günə artırmaqdadır. Ona görə də bu seçkilər təkcə ölkənin sıradan bir daxili məsələsi deyil, bütün dünyanın diqqət mərkəzindədir. Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün sahələrdəki müstəqil və özgüvənli siyasəti türkləri sevməyən ölkələri qıcıqlandırmaqdadır. Lakin bu faktorların heç biri dost-qardaş ölkəni getdiyi yoldan çəkindirə bilməz”, – deyə o qeyd edib.

Aprelin 26-da Türkiyənin Van vilayətinə ziyarətindən bəhs edən millət vəkili bildirib ki, Türkiyədəki ictimai-siyasi həyatın necə olduğu ilə yaxından tanış olub.

“Düşünürəm ki, bu seçkilərin nəticəsi qardaş dövlətin xalqının və millətinin qələbəsi olacaq və Türkiyə xalqı öz seçimi ilə gələcəyini daha etibarlı qarantiya altına almış olacaq”, – deyə V. İskəndərov vurğulayıb.

Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Türkiyədə millətvəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim edilib.