Prezidentdən 2 Fərman, 1 Sərəncam – YENİLƏNİB

Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 milyon (iki milyon doqquz yüz min) manat ayrılıb.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Maliyyə Nazirliyinə bu göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

***

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 (on) il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 (iyirmi) faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək.

***

Prezident İlham Əliyev “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi” təsdiq edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə bu qurumun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etmək tapşırılıb.