“Ulu öndər Heydər Əliyev olmasaydı, bugünkü qüdrətli və müstəqil Azərbaycan da yox idi” Rəşad Mahmudov

Azərbaycan xalqının istiqlal arzusunun gerçəkləşməsi dönəmində erməni separatizmi xarici havadarları ilə birgə ölkəmizə Qarabağ dərdi yaşatdı. Müstəqilliyin ilk illərində yarıtmaz hakimiyyət səbəbindən torpaqlar işğal olundu, insanlarımız yurd – yuvasından didərgin düşdülər. Şuşa xarici və daxili düşmənlərin satqınlığı ucbatından xaincəsinə təslim edildi və bu, son deyildi. Həmin vaxt Azərbaycan Qarabağdan əlavə, öz müstəqilliyini də itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu, danılmaz bir həqiqətdir ki, xalqımızın böyük oğlu Heydər Əliyev olmasaydı, bugünkü qüdrətli və müstəqil Azərbaycan da yox idi. Şuşanı, Qarabağımızı azad görmək Ulu Öndərin ən böyük arzusu idi. Bu, xoşbəxtlik xalqımıza illər sonra nəsib oldu. Prezident İlham Əliyevin mahir sərkərdəliyi altında Ulu Öndərin yaratdığı, qurduğu qəhrəman Azərbaycan Ordusu missiyasını şərəflə yerinə yetirdi. Ölkə başçısı fövqəladə xidmətləri ilə Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini reallaşdırdı. İndi Qarabağ, Şuşa halallığa qovuşub, əsl sahibinə və əzizlərinə qucaq açıb. Otuz ilə yaxın düşmən tapdağı altında inləyən Şuşa bu gün doğma adamların əhatəsində, azad və xoşbəxt həyatını yaşayır. Həm coğrafi, həm də mənəvi baxımdan yüksəklikdə olan zəfər qalamızda müqəddəs bayrağımız dalğalanır.

Sevindirici haldır ki, azadlığı uğrunda gedən döyüşləri ilə dünyaya səs salan doğma Şuşa beynəlxalq konfransların keçirildiyi ünvana çevrilib.

Çünki Şuşanın işğaldan azad olunması hər bir azərbaycanlının ən ümdə arzusu idi. “Görəsən, biz qala şəhərimizi yenidən görə biləcəyikmi, bu mümkündürmü?” sualı hər bir vətənpərvər insanımızı daim düşündürüb, xəyala qərq edib, kövrəldib. Amma son iki əsrdə ilkə imza ataraq Ali Baş Komandan Qarabağı və Şuşanı işğaldan azad edərək Vətəni bütövləşdirən sərkərdə kimi tariximizi zəfərlə şərəfləndirdi, arzularımızı gerçəyə çevirdi. Şuşanın azad olunması könül toxtaqlığı, yaramıza məlhəm oldu.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. Deputat bildirib ki, ruhumuzun qida yeri olan azad Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın keçirilməsi və tribunada Prezident İlham Əliyevin qəhrəman xalqın qəhrəman Lideri kimi nitq söyləməsi çox qürurverici idi. Prezident İlham Əliyevin tədbirdə söylədiyi əhatəli nitqi böyük rəğbətlə qarşılandı.

Prezident ADA Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransdakı çıxışında dünya düzəni üçün nümunə sayılacaq Azərbaycan-Türkiyə münasibətlərinə toxunaraq, Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsindən danışdı. Haqlı olaraq qeyd etdi ki, Şuşada imzalanan bu Bəyannamə tarixi hadisə idi. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi dövlətlə son iyirmi ildəki əlaqələr iki ölkə rəhbərlərinin heyrətamiz siyasəti nəticəsinə qardaşlıq münasibətindən müttəfiqlik zirvəsinə qalxıb.

Prezident İlham Əliyev sabitliyin və təhlükəsizliyin təminatı olan bu müttəfiqliyin qorunub saxlanılacağına və daha da güclənəcəyinə əminliyini ifadə etdi: “Prezident vurğuladı ki, işğaldan azad olunan digər ərazilərimiz kimi, Şuşa şəhəri də demək olar, tamamilə dağıdılmışdı. Bu da o anlamı verir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb. Çünki doğma şəhəri dağıtmırlar, inkişaf etdirirlər, Azərbaycan kimi. Tədbirdə dövlətimizin başçısı bildirdi ki, münaqişənin ədalətli həllini missiya kimi öz üzərinə götürmüş ATƏT-in keçmiş Minsk qrupu 28 il ərzində fəaliyyətsiz oldu. Bunun əsas səbəbi kimi Ermənistanın torpaqları geri qaytarmaq istəməməsi idi. Humanizm prinsiplərinə həmişə sədaqətini nümayiş etdirən Azərbaycan Cənubi Qafqazda regional əməkdaşlıq, siyasi, iqtisadi münasibətlərin normallaşması üçün daim töhfələrini verib. Mehriban qonşuluq, qarşılıqlı hörmət, regional təhlükəsizlik rəsmi Bakının yürütdüyü siyasətin ana xəttini təşkil edir. Bu gün məhz bu aspektdə yüksələn xətlə inkişaf edən Azərbaycan- Gürcüstan münasibətləri fikrimizin təsdiqidir. Azərbaycan bütün ölkələrlə sağlam əməkdaşlığa söykənən münasibət sərgiləyir. Ölkə başçısı konfransda, həmçinin Azərbaycanın sülh gündəliyindən danışaraq, buna çox təşəbbüs göstərdiyini, beynəlxalq hüququn normalarına uyğun olaraq beş prinsip irəli sürdüyünü bildirdi. Bununla da, Azərbaycan sülhpərvər ölkə olduğunu bir daha səmimi davranışları ilə nümayiş etdirir. Prezident iki ölkə arasında razılıq əldə olunmasının mümkünlüyünə toxunaraq, Azərbaycanla Ermənistanın vasitəçisiz, köməkçisiz birbaşa danışıqlar aparmasını ən optimal variant hesab etdi.

Konfransda eləcə də, ölkə iqtisadiyyatını, beynəlxalq layihələri şərh edən dövlətimizin başçısı “Bir kəmər, bir yol” təşəbbüsünün həmişə Azərbaycan tərəfindən dəstəkləndiyini və öhdəliyimizi yüksək səviyyədə yerinə yetirildiyini diqqətə çatdırmaqla bildirdi ki, nəqliyyat infrastrukturunu daha da müasirləşdiririk. Çünki bu infrastrukturdan istifadə etməyə böyük maraq var. Azərbaycan eyni zamanda iriçaplı iqtisadi layihələrin davamı kimi Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır. Bu da qeyd olunduğu kimi ölkəmiz tərəfindən gələcək əməkdaşlığın fəal şəkildə qiymətləndilməsi deməkdir”.

Sonda Rəşad Mahmudov qeyd edib ki, ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbinin nümayəndəsi Brenda Şaferin bildirdiyi kimi, Azərbaycan BMT-in icra olunmuş qətnamələrini təkbaşına yerinə yetirdi. Çünki bu işğalı legitimləşdirmək istəyən qarşı tərəf bizə başqa seçim qoymadı. Azərbaycanın ərazi bütövlüyünün müzakirəsi olduğu bütün diplomatik masalarda, beynəlxalq tribunalarda Prezident İlham Əliyevin “Azərbaycan bu işğalla heç vaxt barışmayacaq” bəyanatı sadəcə söz deyildi və bütün dünya bunun real nəticəsini gördü. Bir sözlə, Azərbaycan liderinin Şuşada keçirilən dördüncü beynəlxalq konfransda səsləndirdiyi fikirləri Ermənistan, o cümlədən sülh yaratmaq istəyən digər ölkə və təşkilatlar tərəfindən düzgün təhlil edilməli, regionun təhlükəsizliyi üçün Azərbaycanın yaratdığı reallıqlardan nəticə çıxarmalıdırlar. Çünki ənənəvi olaraq Azərbaycan tələblərində həmişə haqlı tərəf olub və öz ərazi bütövlüyünü qorumaq ölkəmizin suveren hüququdur.