Hüquqi dövlət quruculuğunun Heydər Əliyev konsepsiyasında ədliyyə orqanlarının inkişafı daim diqqətdə saxlanılıb

Bunu konfransda məhkəmə-hüquq islahatlarında Heydər Əliyev siyasi iradəsinin təntənəsi barədə məruzə ilə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov deyib.

Nazir xüsusi qeyd edib ki, hələ sovetlər birliyində ədliyyə sisteminin təkmil struktur kimi sabit fəaliyyətinin təmin olunması məhz 1970-ci ilə – Ümummilli Liderin Azərbaycan rəhbərliyinə gəlişi dövrünə təsadüf edir. Dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə orqanlarının hərtərəfli inkişafı üzrə köklü islahatlar aparılıb. Onlardan yalnız bəzilərini xatırladıb.

İlk növbədə, cəzaların icrası sistemini təkmilləşdirmək, islah-tərbiyə işini humanistləşdirmək məqsədilə penitensiar müəssisələrin demokratik prinsiplərə uyğun olaraq cinayət təqibi orqanından Ədliyyə Nazirliyinə verilməsi işi başa çatdırılıb.

Ədalət mühakiməsinin ayrılmaz hissəsi olan məhkəmə qərarlarının icrasının müasir tələblərə uyğun həyata keçirilməsi ilə bağlı yeni vəzifələr müəyyən edilərək nazirlikdə icra xidməti təsis edilib. İlk dəfə istintaq idarəsi yaradılaraq ədalət mühakiməsi əleyhinə olan və bir sıra digər aidiyyəti cinayətlərin ibtidai istintaqının aparılması Ədliyyə Nazirliyinə həvalə olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycanda yerli demokratiyanın təşviqi istiqamətində mühüm addımlar atılaraq ilk dəfə yerli özünüidarə orqanları – bələdiyyələr formalaşdırılıb, beynəlxalq təcrübəyə uyğun olaraq bu orqanların fəaliyyətində qanunçuluğun təmin olunması, onlara metodoloji yardımın göstərilməsi, həmçinin parlamentə illik məruzələrin təqdim olunması nazirliyə tapşırılıb.

Məhkəmə ekspertizası sahəsində işin müasir tələblərə uyğun qurulması məqsədilə ayrıca qanun qəbul edilmiş və bütün qeyri-tibb məhkəmə ekspertizalarının aparılması Ədliyyə Nazirliyinə həvalə edilib.

Həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi, insanların ədliyyə xidmətlərindən istifadəsinin asanlaşdırılması və yerli ədliyyə qurumlarının inkişafı üzrə digər mühüm qərarlar qəbul edilib.

Aparılan islahatların nəticəsi olaraq nazirliyin cəmiyyətdə rolu və nüfuzu xeyli artmış və o dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilib. Tam əminliklə deyə bilərək ki, müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyev həm də müasir ədliyyə sisteminin banisidir.