“Ermənistan nəticə çıxarılmalıdır” Deputat

ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans yerli və beynəlxalq medianın diqqət mərkəzində oldu. Konfransda Azərbaycanın region və dünyadakı roluna diqqət çəkildi. Həmçinin dövlətimiz üçün prioritet olan istiqamətlər bir daha yerli və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı. Prezident İlham Əliyevin çıxışı müasir Azərbaycan və dünya reallıqlarının təhlili baxımından ciddi əhəmiyyət kəsb edirdi. Konfransın Şuşada keçirilməsi və Prezident İlham Əliyevin geniş məzmunlu çıxışı, ölkəmizdə və dünyada baş verənlərə strateji yanaşması, yerli və qlobal xarakterli problemlərin həlli yollarına dair təklifləri diqqətdən yayınmadı. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi Prezidentin çıxışında yer alan mühüm məqamlar sırasında idi. Dövlətimizin başçısı qeyd etdi ki, sülh müqaviləsinin imzalanması bütün regionda sabitliyin və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Prezidentin konfransdakı mühüm fikirlərinə toxunan İltizam Yusifov qeyd edib: “Dövlətimizin başçısı vurğuladı ki, işğaldan azad olunan digər ərazilərimiz kimi, Şuşa şəhəri də demək olar tamamilə dağıdılmışdı. Bu da o anlamı verir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb. Çünki doğma şəhəri dağıtmırlar, inkişaf etdirirlər, Azərbaycan kimi. Azərbaycan Prezidenti, həmçinin ki, münaqişənin ədalətli həllini missiya kimi öz üzərinə götürmüş ATƏT-in keçmiş Minsk qrupu 28 il ərzində fəaliyyətsiz oldu. Bunun əsas səbəbi Ermənistanın torpaqları geri qaytarmaq istəməməsi idi. Prezident Türkiyə ilə hərbi əməkdaşlıq, NATO ilə əməkdaşlığın perspektivləri haqqında da maraqlı fikirlər səsləndirdi. Dövlətimizin başçısı haqlı olaraq vurğuladı ki, Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlıq regional təhlükəsizliyin qarantına çevrilib. Dövlətimizin başçısı Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsindən də danışdı. Azərbaycanın Rusiya, ABŞ, İran, Mərkəzi Asiya dövlətləri ilə münasibəti, regionun gələcəyi ilə bağlı baxış və düşüncələri, bölgədə sülhün, təhlükəsizliyin və tərəqqinin mövcudluğu üçün atılan və atılması nəzərdə tutulan addımlar da Prezidentimizin çıxışında ətraflı şəkildə yer aldı. Prezident İlham Əliyevin Şuşadakı çıxışı Azərbaycanın regiona, dünyaya və gələcəyə baxışını, eyni zamanda dövlətimizin sülhə, təhlükəsizliyə, qarşılıqlı hörmət və etimada verdiyi önəmi əks etdirən tarixi bir çıxış oldu. Prezident İlham Əliyev bu çıxışı ilə bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan öz yolu ilə inamla gedir və heç bir qüvvə onu öz yolundan, öz inamından, öz həqiqətindən döndərməyə qadir deyil”.

Deputat vurğulayıb ki, Azərbaycan Liderinin Şuşada keçirilən dördüncü beynəlxalq konfransda səsləndirdiyi fikirlər həm Ermənistan, həm də sülh təşəbbüsündə olan ölkə və təşkilatlar tərəfindən ciddi təhlil edilməli və nəticə çıxarılmalıdır. Azərbaycanın istər regional, istərsə də dünya miqyasında artan nüfuzu göz qabağındadır. Dahi şəxsiyyətin 100 illiyinə həsr edilmiş beynəlxalq konfransda aparılan müzakirələr, Prezident İlham Əliyevin hazırkı dövrün çağırışlarını özündə ehtiva edən cavabları Azərbaycanın möhkəm təməl üzərində daha möhtəşəm uğurlara, qələbələrə doğru inamla irəlilədiyini təsdiqlədi.